Avqustun 24-də Moderator.az xəbər portalının qurucusu və mərhum baş redaktoru, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin doğum gününə həsr olunmuş tədbir keçirilib.
Dominant.az xəbər verir ki, Mətbuat Şurasında keçirilən tədbirdə mərhum jurnalistlə dostluq edən ziyalılar, media nümayəndələri, həmçinin təsisçisi olduğu saytın kollektivi iştirak edib.
Təbdir həm şəhidlərimizin, həm də Zülfüqar Hüseynzadənin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Birinci hissədə qonaqlar Zülfüqar Hüseynzadə ilə bağlı xatirələrini bölüşüblər.
Əvvəlcə söz Z.Hüseynzadənin yaxın dostlarından biri, Milli Məclisin VI çağırış deputatı olmuş Qüdrət Həsənquliyevə verilib. O bildirib ki, Z.Hüseynzadə kimi adamları geniş ictimaiyyətə, xalqımıza tanıtmalıyıq: "Gənc nəsil üçün bir örnək idi. Ona görə də müvafiq dövrün hakimiyyət orqanlarının, yaradıcı insanların, jurnalistlərin borcudur ki, Zülfüqar bəyin adını yaşatsınlar və gənc nəslə vətənpərvər insan olaraq təqdim etsinlər. Buna böyük ehtiyac var. Bu baxımdan hesab edirəm ki, Zülfüqar bəyi tanıyan insanların, ədalətli şəxslərin, insana qiymət verə bilən adamların borcu odur ki, Zülfüqar bəyin dəyərini bilsinlər, qiymətini versinlər. Zülfüqar bəyin ruhu qarşısında biz öz borcumuzu yetirərik, onun ruhu şad olar”.
Daha sonra tanınmış ziyalımız, şair Zakir Fəxri çıxış edərək Z.Hüseynzadə ilə dostluğundan danışıb: “Zülfüqar Hüseynzadə sözə böyük dəyər verən insan idi. Elə buna görə də söz adamları ilə təmənnasız dostluq edirdi. Mənim haqqımda heç özümün belə xəbərim olmadan qalın bir kitab hazırlamışdı və yubiley tədbirimdə həmin kitabı mənə hədiyyə eləmişdi. Həmin tədbirdə çox canfəşanlıq göstərirdi, ürəklə iştirak edirdi, hər işin ardıyca özü qaçırdı. Biz dostları da həyatda olduğumuz müddətdə onun ruhunu şad etmək üçün əlimizdən gələni əsirgəməməliyik. Ruhu şad olsun”.
Beynəlxalq Avrasiya Fondunun rəhbəri Umud Rəhimoğlu da Z.Hüseynzadə ilə sarsılmaz dostluqlarından danışıb: “Zülfüqarla məni dərdlərimiz birləşdirmişdi. Özümüzə yer tapmayanda, dərdi kimləsə bölüşməyəndə görüşürdük. Onunla dərdləşirdik. Zülfüqar tamam ayrı adam idi. Vətəndə dünyasını dəyişməsini də təsadüfi hesab etmirəm. Keşkə onu elə vəfat etdiyi yerdə də dəfn edəydik. Təəssüflər olsun ki, o vaxtkı şərtlər buna imkan vermədi. Ancaq inanıram ki, ən qısa zamanda biz Başlıbeldə toplaşıb, qardaşımızın xatirəsini yad edəcəyik. O zaman onun da ruhu şad olacaq".
Daha sonra Z.Hüseynzadənin yaxın dostlarından olan, Almaniyada yaşayan azərbaycanlı, uzun müddət Moderator.az saytı ilə əməkdaşlıq etmiş Yeganə Əmiraslan, “Türküstan” Media Qrupun rəhbəri, kəlbəcərli jurnalist Aqil Camal, “Qaynarinfo.az” saytının rəhbəri, tanınmış jurnalist Zahir Əzəmət, Turan saytının rəhbəri Elxan Salahov, uzun müddət Modarator.az saytında çalışmış, hazırda TNS saytının rəhbəri olan Tural Səfərov, ƏHD Partiyasının sədr müavini Niyaməddin Orduxanlı, Moderator.az saytının baş redaktoru Xəyalə Rəis çıxış edərək mərhum jurnalistlə bağlı xatirələrini bölüşüblər.
Tədbirin ikinci hissəsində mərhum jurnalistin adına təsis edilmiş “Zülfüqar Hüseynzadə mükafatı” adlı ilk yazı müsabiqəsinin nəticələri elan olunub. Həmçinin müsabiqənin qalibləri mükafatlandırılıb. Bildirilib ki, “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsinin hər il iyul-avqust ayında keçirilməsi və növbəti illərdə mükafat fondunun artırılması nəzərdə tutulur.
Sonda Z.Hüseynzadənin bacısı oğlu, Moderator.az saytının direktoru Əli Hüseynli çıxış edərək həm qonaqlara, həm də müsabiqəyə qoşulan hər kəsə təşəkkür edib. Bildirib ki, mərhum dayısının yarımçıq qalan arzularını reallaşdırmaq, Moderator.az-ın məhz onun arzuladığı yerdə olması üçün var gücü ilə çalışacaqlar.
Qeyd edək ki, Z.Hüseynzadə 24 avqust 1971-ci ildə Kəlbəcərin Başlıbel kəndində dünyaya gəlib. 51 yaşında, iyunun 18-də elə Başlıbeldə də vəfat edib. Yaşasaydı, bu gün 53 yaşını qeyd edəcəkdi.