Yardımlı... Səslənəndə ağıla bir sıra sözlər gəlir - yar, yardım, yaradan. Əslində isə ocaqdır, yurddur, torpaqdır, beşikdir, Vətəndir Yardımlı. Azərbaycanın ən ucqar bucağında bərqərar olmuş, gözdən də, könüldən də uzaq düşmüş, farsla qonşu olan, ancaq farslaşmayan ərdəmli cəngavərdi Yardımlı. Adının bugünkü əsas anlamı yardımlaşmaq, yardım etmək olsa da, özünə heç zaman yardım əlini uzada bilməyib. Qoynunda neçə-neçə ziyalılar böyütsə də, çörəyinin duzu olmayıb, ziyadan da, işıqdan da çox gec qismətinə pay düşüb. Dağ vüqarından nəsib alanlar bəyənməyiblər torpağını, yolunu, palçığından narahat olublar. Böyütdüyü oğulların bəziləri ilk həmlədə atıb qaçıblar daşını, kəsəyini. Təmiz havasını, saf suyunu, halal çörəyini əsirgəmədikləri nə o havanın, nə o suyun, nə də o çörəyin qədrini biliblər. Zaman olub ki, ən ali kürsülərdə əyləşiblər, ölkənin ali tribunalarından çıxış ediblər, ancaq bircə dəfə olsun belə, yardımlıların dərdi-sərini dilə gətirmək, Yardımlı üçün hayqırmaq yadlarına düşməyib. Yardımlı bilirsiz nə zaman ağıllarına gəlib? O zaman ki, oturduqları taxtdan endiriliblər, danışmaları üçün mikrofonları söndürülüb, artıq nə sözlərinin kəsəri qalıb, nə dizlərinin... Ancaq yenə də Vətən onlara vəfasızlıq etməyib, yenidən qucaq açıb həmin qədirbilməzlərə, qoynuna alıb onları, bağrına basıb, layla deyib. Sağ olanda özlərinə, dünyadan köçəndən sonra isə məzarlarına sahib çıxıb, onların sahib çıxmadıqları VƏTƏN...
Uzun zamandan sonra yenidən Yardımlı üçün yazmaq istədim, dostumuz Şamxal bəyin təklifi ilə. Ancaq bilmirəm nədənsə belə bədbin notlarla başladı sətirlərim. Sanki ürəyimin ən mübhəm yerində qübar bağlamış nisgil töküldü ağ vərəq üzərinə... Təbii ki, səbəbsiz deyil bu giley-güzarım, bəlkə də indiyədək deyə bilmədiklərimi, yaza bilmədiklərimi hayqırmaq istədim. Axı mənim Yardımlım bugünkü biganəliyi, diqqətsizliyi, laqeyidliyi haqq etmir. Onun bizə verdiklərinin qarşısında biz onun üçün sadəcə susuruq... Əlimizi əlimizin üzərinə qoyub, gündən-günə tərk edilməsinə, yoxsullaşmasına, müflisləşməsinə şahid oluruq. Niyə axı? Nədir günahı? Mərd olması? Bizləri mərd yetişdirməsi? Elə deyilsə, o zaman biz niyə namərdlik edirik yurdumuza qarşı?
Dünyanın kompüter əsrində yaşadığı dövrdə Yardımlının kəndlərinin çoxunda hələ də normal şəraitdə məktəb yoxdur. Hələ də kəndlərin əksəriyyətinə yol çəkilməyib, hələ də sakinlərin çoxunun gözü mavi yanacaq yolunda qalıb, hələ də çırpı, təzək istisinə qızınırlar. Ovuc boyda rayon mərkəzində əksər ictimai-iaşə binaları nuh əyyamından qalıb, dövlət qurumlarının binası sovet dövrünü xatırladır. Ən pisi isə odur ki, dövlət qurumları belə, yavaş-yavaş yoxa çıxır, daha doğrusu, ləğv edilərək regionlarda birləşdirilir. Atalar sözündə deyildiyi kimi, əri döymüş arvadı bir yandan da it qapır. Zatən iş yerlərinin qıt olduğu bir dövrdə yardımlıların belə "islahatlarla" üz-üzə qalması onların çörəklə imtahana çəkilməsi deyilmi?
İnsanın ən dəhşətli imtahanı çörəklə olur. Balası acından yata bilməyən ata bəlkə də dünyanın ən yırtıcı məxluquna çevrilə bilər. Elə çevrilir də... Yardımlıda balası ac yatan atalar elə bir dəhşətli bəla bəhrinə yuvarlanır ki, deyərdim, ondan betəri yoxdur bəlkə də... O atalar öz balalarını xilas etmək üçün başqalarının balalarını zəhərləməyi gözə alırlar..."nəşə" alverçisinə çevrilirlər... İllərdir İran heç cürə farslaşdıra bilmədiyi yardımlıların beynini indi narkotiklə yuyur, narotiklə öz əsirinə çevriməyə çalışır işsiz və çarəsiz insanları. Bu gün bəlkə də elə bir kənd yoxdur ki, oradan azı bir neçə sakin narkotik vasitə satdığına görə həbsdə olmasın. Ancaq nədənsə hələ də ağzımıza su alıb oturmuşuq, sükut orucuna dalmışıq, susuruq. Halbuki həyəcan siqanlı çalmağın vaxtı nəinki çatıb, gecikmişik SOS deməkdə, bəlkə də çox gecikmişik... Bəlkə də neçə ocaq sönüb bu illətdən, bəlkə də neçə ümidlər ölüb...
Yox, yox, axı ümid ən sonda ölür. İndi isə son deyil, hələ şans var, şansımız var. Nə qədər ki, son olmayıb Yardımlımız üçün əl-ələ verməliyik, əlimizi əlimizin üzərindən götürüb daş altına qoymalıyıq. O daşları isə bir-birimizin başına atmaq yox, üst-üstə qoyub, ağ ölümdən xilas olmaq üçün ağ divar hörməliyik. Ümid rəvayətlərdəki hansısa Yardım Əliyə yox, özümüzə qalıb. Yardımlı üçün birləşək, yardımlaşaq, yaradan olaq, yardam olaq, ertim olaq, ərdəm olaq!