Xameneinin Paşinyana dediyi o 2 cümlə... – İrəvana yeni “ev tapşırığı”

23 May 2024 07:24    4924 Baxış   
Xameneinin Paşinyana dediyi o 2 cümlə... –  İrəvana yeni “ev tapşırığı”

İranda mərhum prezident İbrahim Rəisi ilə vida mərasiminə qatılan qonaqlar arasında Ermənistan Baş naziri Nikol Paşinyan da var. Xarici siyasətdə indiyədək nə göründüyü kimi ola bilən, nə də olduğu kimi görünən Paşinyan.

Məsələ də ondadır ki, Nikol Vovayeviçin bundan öncəki Tehran səfərindən ötən müddət ərzində aradan xeyli “su” axıb. Ermənistan hökuməti NATO-nu az qala İranın düz sərhədinə qədər gətirib.

Azərbaycanla sərhədə Avropa Birliyinin (AB) yarım-hərbi, əslində isə qonşu ölkələri müşahidə altında saxlayan uzunmüddətli casus missiyasi yerləşdirib. Amerikalı general rütbəli hərbi təlimatçıların İrəvana biri gəlib, o biri gedir...

Sözsüz ki, Tehran da eyni vaxtda bir neçə “ələ” oynayan Ermənistan rəhbərliyinin çoxüzlü siyasətinin fərqindədir. Bunu İranın ali dini lideri Əli Xameneinin onunla görüşdə üstüörtülü dediyi bəzi sözlər də təsdiqləyir.

Sitat: “İran və Ermənistan arasında münasibətlərin əleyhdarları var. Ona görə də hər iki ölkə ilə bağlı məsələlər böyük diqqətlə həll olunmalıdır”.

“Əleyhdarların” kim(lər) olduğu çoxdan məlum. Odur ki, neçə vaxtdır “iki” və “üç stul”da oturmağa çalışan, ABŞ başda olmaqla Qərblə Rusiya-İran arasında oyunbazlıq edən, bölgənin problemini bölgədən kənar həll etməyə can atan, qısası, “ilanı Seyid Əhməd” əli ilə tutmağa çalışan Paşinyan hökumətinə Xameneinin 2 cümləsi İranın xəbərdarlığı kimi qəbul oluna bilər.

Ediləcəkmi? Paşinyan ona verilən yeni “ev tapşırığı”nın öhdəsindən gələ biləcəkmi?

Məsələ bundadır...

Əslində regiondakı bütün problemlərin kökündə nəyin durduğu İran rəhbərliyinə də gərək ki, çoxdan məlumdur: Ermənistanın qonşu Azərbaycan və Türkiyəyə qarşı konstitusion səviyyədə (!!) davam edən torpaq iddiası, sülh müqavilələrinin imzalanmaması və bütün bunlardan dolayı İrəvanın iki mühüm qonşu ilə sərhədlərinin hələ də bağlı qalması.

Sadalanan məsələlər yoluna qoyulan kimi Ermənistanın uzaq ABŞ və ya Fransa ilə dostluğunun xüsusi anlamı, önəmi qalmayacaq. Heç Ermənistana ordu, Fransa timsalında müttəfiq, yaxud AB-və NATO-ya üzvlük də gərək olmayacaq.

Çünki heç kim nə indi, nə də gələcəkdə ona hücum etməyə hazırlaşmır. Ən əsası, kapitulyant ölkənin ipi möhkəm şəkildə bölgəyə bağlanmış olacaq...

Sözü ona gətiririk ki, Ermənistan adlı baş tutmamış, simvolik dövlətin varlığına ən güclü zəmanəti məhz qonşular verə bilər və nida işarəsi!

Yəni təkcə İranın, Gürcüstanın, okeanın o tayındakı ABŞ-ın, Fransanın zəmanəti yetərli deyil. Daha bir səbəbə: qonşuların zəmanəti həm də normal inkişaf yoluna çıxmağa, rifaha qovuşmağa zəmanət deməkdir.

İrəvan isə 35 ildir hamıya bunun əksini isbatlamağa çalışır. Olmayan, heç vaxt olmamış bir şeyi görəsən, necə sübut eləmək olar?..

Siyasət şöbəsi,
Musavat.com


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar