Mən ümidlərimi sənin saçlarının arasında itirdim. Bu bir gerçəklik idi ki, sənin saçların ağarmışdı, lakin sən onları qara boya ilə qaralamışdın – eynilə həyatımı qaraladığın kimi. O vaxtlar sənin siman belə məni aldatmağı bacarmışdı, əzizim. Əsl siman kosmetika altında boğulmuşdu, eynilə eşq qığılcımlarının məni boğduğu kimi. Bu həmişə belədir, həyatı boyunca hər kəs birİNİ tapar, amma bir-BİRini tapmaq hər insana nəsib olmur. Biz çox gec anladıq ki, Leyli və Məcnun deyilik. Nə məndən Məcnun, nə də səndən Leyli olan deyildi. Həm də ki, daha bezimişəm! Bəli, bezimişəm. Bilirsiniz nələrdən? Atılmışların talelərini düşünməkdən, uduzmuşların ağrılarını hiss etməkdən, ruhu edam edilmişlərin həyat boyda yükünü çəkməkdən. Və ən əsası isə qaranlıqda sevişənlərin halına acımaqdan...
Bir şeyi çox yaxşı dərk edə bildim, əvvəlcə xoşbəxtliyin nə olduğunu dərk etməlisən və səni nəyin xoşbəxt edə biləcəyinin fərqinə varmalısan. Daha sonra özünü xoşbəxt etməlisən, bu xoşbəxtliyə çatmalısan. Necə olursa, olsun; nəyin bahasına olursa, olsun. Çünki heç kim bu dəyərli neməti bizə bağışlamayacaq. Həyatın axmaq atmosferi bilirsinizmi nədir, anası ölənin toy məclisində ana mahnısını oynamağı kimi qəribə və qarmaqarışıqdır.
Hər şey yazılanlar kimi dəqiq, öyrəndiyimiz kimi konkret deyil. Həyatın yazılmamış qanunları var, məsələn, yaxşı biri hər gün ölərkən, pis biri hər gün daha xoşbəxt olur. Sənin arzu apardığın adamdan xəbərin varmı? Bəlkə də o səndən də bədbəxtdir. Xoşbəxt olmaqla, xoşbəxt görünmək arasında məsafə hardasa mənim həqiqətlərimlə sənin yalanların arasında olan məsafədən az deyil.
Rizvan Fikrətoğlu