Azərbaycanın və SSRİ-nin Xalq artisti Rəşid Behbudovun doğulduğu Tbilisi şəhərində xatirəsi bu günədək adına, sənətinə və şöhrətinə layiq əbədiləşdirilməyib. Lakin bu yaxınlarda aşkarlanan məkan böyük sənətkarın doğma şəhərində Xatirə Muzeyinin yaradılmasına, adının əbədiləşdirilməsinə ciddi töhfə verə bilər. Bu məkan R.Behbudovla bağlılığı olan evdir. Uzun illər sənətçinin doğulduğu, yaşadığı evin yeri, ümumiyyətlə, hazırda mövcud olub-olmaması barədə müxtəlif fikirlər səsləndirilib. Son illər ərzində aparılan araşdırmalar sayəsində dünya şöhrətli müğənninin Tbilisidəki ömrünün müəyyən dövrünün keçdiyi bir evin bu günə qədər qorunub saxlandığı məlum olub.
Evi Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru, Gürcüstan və Azərbaycanın əməkdar mədəniyyət işçisi Leyla Əliyeva aşkarlayıb.
Dominant.az bildirir ki, “Report”un yerli bürosunun əməkdaşları L.Əliyeva ilə həmsöhbət olub, evlə bağlı araşdırma barəsində ətraflı maraqlanıb və həmin ocağa baş çəkiblər.
Azərbaycanlı tacir şuşalıya Tiflisdə sığınacaq verib
Muzeyin direktoru bildirib ki, R.Behbudov kimi dahi şəxsiyyətin Tbilisidə doğulduğu evi axtarıb tapmaq şəxsən onun özü üçün də böyük maraq kəsb edib: “Bu evi aşkarlamaq üçün keçmiş Xarpuh məhəlləsində yaşamış və hazırda da yaşayan insanlarla söhbətlər aparmışam. Məlum olub ki, əsasən xalça ticarəti ilə məşğul olan tiflisli tacir Əliqulu Soltanova məxsus olan ikiqapılı və ikimərtəbəli mülk böyük müğənninin anadan olduğu evdir. Həmin ev indiki Mirzə Fətəli Axundov küçəsi, 9 ünvanında yerləşir. Burada indi Ə.Soltanovun nəvələri və nəticələri yaşayır”.
L.Əliyeva Ə.Soltanovun (1888-1967) müğənninin atası Məcid Behbudovla dost olduğunu deyib: “Məcid Behbudov Firuzə xanım Vəkilova ilə Tiflisə pənah gətirib. Əliqulu Soltanov gənc ailəyə mülkünün birinci mərtəbəsindəki bir otağı verib. Rəşid də bu evdə dünyaya göz açıb və yeniyetmə yaşınadək burada yaşayıb. Məktəbə də bu evdən gedib. Daha sonra internat tipli texnikuma qəbul olub. Məcid kişi Gürcüstanda Azərbaycan xalq mahnılarını və muğamlarını təbliğ edib. Firuzə xanım isə Tiflisdə müəllimlik edib. Məcid kişi 1933-cü ildə Firuzə xanımın vəfatından sonra Tiflisdə qala bilməyib və İrəvana yollanıb. Daha sonra həyat yoldaşının dəfn olunduğu Qazağa dönüb”.
Bəzi araşdırmalarda M.Behbudovun Firuzə xanımdan öncə evli olduğuna dair məlumatlar yer alıb. Onlara əsasən, M.Behbudov arşınmalçı olduğundan vurulduğu varlı zədagən qızı Firuzə Vəkilovanı qaçırmağa məcbur olub. Belə ki, M.Behbudov bilirdi ki, atası qızını kasıba ərə veməyə razı olmayacaq. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərinin süjet xəttində məhz M. Behbudovun sevgi hekayəsindən istifadə etdiyi də bildirilir.
Məcid kişinin Firuzə xanımla Şuşadan Tiflisə gəlib məskunlaşandan müəyyən müddət sonra birinci ailəsini də bu şəhərə gətirərək ayrı evdə yerləşdirdiyi deyilir. Həmin ev artıq mövcud deyil. R.Behbudovun bu evdə də yaşadığı söylənilir.
Bina Gürcüstanın mədəni irs abidəsidir
Araşdırmalar zamanı çox maraqlı bir fakt da üzə çıxıb. L.Əliyeva bina ilə bağlı Gürcüstanın Mədəni İrsin Mühafizəsi Agentliyinə müraciət ünvanlayıb. Dövlət qurumundan cavab olaraq bildirilib ki, həmin bina XIX əsrin II yarısına aiddir və 2007-ci ildə tikiliyə mədəni irs abidəsi statusu verilib.
Hazırda evin bir yarısında Ə.Soltanovun nəvəsi İlham Soltanov ailəsi ilə birgə yaşayır. O, babasının M.Behbudovla yaxın dost olduğunu bildirib: “Babam və Məcid kişi arasında sıx dostluq münasibətləri və gediş-gəliş olub. Bizə danışılanlara görə, onlar Tiflisdə məclislərdən birində tanış olublar. Babam evinin birinci mərtəbəsindəki bir otağı Behbudovlara verib, onlara xalçalar da bağışlayıb. İki ailə bir ailə üzvləri kimi çox mehriban yaşayırdı. Babam Məcid kişinin ailəsinə çox böyük hörmət və sayğı ilə yanaşırdı, onlarsız duz-çörək kəsməzdi, yemək masasına əyləşməzdi”.
Müsahibimiz evin tarixçəsindən də danışıb: “İkimərtəbəli bina Sumbatov soyadlı iki qardaş üçün inşa olunub. Evin indiki kimi iki ayrı qapısı və iki şüşəbəndli eyvanı olub. Sonradan babam bu evi alıb. Alqı-satqıya dair sənəd indi də durur. Babam fikirləşib ki, 2 ayrı ev iki qızı üçün qalar”.
Repressiya qurbanı, mülk sahibinin zirzəmidə məskunlaşması
İ.Soltanovla söhbətdən Ə.Soltanovun həyat yoldaşı, oğlu və 12-13 yaşlı qız nəvəsi ilə birgə repressiyaya məruz qaldığı məlum olur: “Babam 1950-ci ildə Qazaxıstana sürgün edilib və 7 il sürgündə qalıb. Onları Marneulidəki evlərindən gecə ilə sürgün ediblər. Babamın sürgünə məruz qalmasını Azərbaycan və İranla ticarət etməsi ilə əlaqələndirirdilər. Nənəm hətta “NKVD”nin qorxusundan xalçaların veksellərini (borc sənədi-red.) yandırmışdı. Əliqulu kişi sürgündən qayıdandan sonra öz evinin zirzəmisində kirayədə yaşamağa məcbur olub. Bu, babam üçün olduqca böyük zərbə idi. Daha sonra evin üst mərtəbəsinə mülkiyyət hüquqlarını bərpa edə bilib”.
Hazırda evin digər hissəsinin birinci və ikinci mərtəbəsində gürcü və yəhudi ailəsi yaşayır. Bu tayın fasadından olduqca baxımsız vəziyyətdə olduğu bəlli olur, eyvanı dağılmış, pəncərələri sınıq haldadır. İ.Soltanov deyib ki, evin muzeyə çevrilməsinin tərəfdarıdırlar və əgər bu məqsədlə alışına dair danışıqlar aparılsa, binada yaşayan digər sakinləri də köçürülməyə razı salmaq mümkündür.
Rəşid Behbudovun “bacısı” ilə Tbilisidə görüşü
Əliqulu kişinin digər nəvəsi Nailə Soltanova bibisi Nabat xanımın R.Behbudovla bağlı xatirələrini bölüşür: “Bibim və Rəşid arasında iki yaş fərqi vardı. Onlar bacı-qardaş kimi böyüyüblər, çox mehriban olublar. Bibim danışardı ki, Rəşid uşaqlıqda çox dəcəl olub. Nabat bibim R.Behbudovu televiziyada hər dəfə görəndə “qardaşım” deyib sevinclə qışqırardı”.
N.Soltanova uşaqlıqda şahidi olduğu anı xoş xatirə kimi yadına salır: “1970-ci ilin əvvəlləri idi. 6-7 yaşım olardı. Bir gün Nabat bibinin harasa böyük həvəslə hazırlaşdığını gördüm. Hara getdiyimizi soruşanda “konsertə gedirik, qardaşım Tiflisə gəlib” dedi. Həmin vaxt R.Behbudov Filarmoniyada böyük konsertlə çıxış edirdi. Zalda bibim yanımda əyləşmişdi, antrakt olanda birdən gözümdən itdi. Sən demə, Rəşidi görmək üçün qrim otağına çətinliklə daxil olub. Nabat bibim R.Behbudovun onu illər sonra tanımayacağından narahatlıq keçirirdi. R.Behbudov isə bibimi tanımışdı, “Nabat sənsən?” deyə onu qucaqlayıb bağrına basmışdı”.
“Nənəm deyirdi ki, Rəşidə körpəlikdə özü baxıb”
Elə bu məqamda müsahiblərimin böyük bacısı Mətanət Soltanova da söhbətimizə onlayn formatda qoşulur. Onun sözlərinə görə, Soltanovlar R.Behbudovu ən doğma və əziz ailə üzvü hesab edir.
Mətanət xanım babası barədə daha ətraflı məlumatlar təqdim edə bilir. Məlum olur ki, Ə.Soltanov sürgündən əvvəl Yevlax şəhərində pambıq zavodunun direktoru və Marneulidə süd-pendir tədarükü məntəqəsinin (“Maslopromda”) müdiri vəzifələrində çalışıb. 1957-ci ildə sürgündən qayıdandan sonra evinin zirzəmisində yaşamağa məcbur olub. O, sürgündə olarkən mülkündəki otaqlar bir neçə ailəyə kirayəyə verilib: "Babamın ona məxsus olduğu binanın zirzəmisində məskunlaşması onun səhhətinə çox pis təsir etdi. O, artıq işləyə bilmədi. Üzləşdiyi haqsızlıqdan keçirdiyi həyəcan babamı iflic etdi. O, 7 il yataq xəstəsi olub”.
M.Soltanova nənəsinin ona danışdıqlarını yadına salır: “Nənəm deyirdi ki, Rəşidə körpəlikdə özü baxıb. Bibim də Rəşidlə bir böyüyüb. Rəşidin böyük bacısı Nəcibə xanım da Tiflisə gələndə mütləq bizə baş çəkirdi, bizdə qalırdı. Bizə dəymədən Bakıya dönməzdi. O, Tiflisdə doğulmuşdu, bu şəhəri çox sevirdi, demək olar hər il şəhəri ziyarət edirdi”.
Qeyd edək ki, N.Behbudova Tbilisidəki Azərbaycan teatrının aktrisası olub. 1947-ci ildə teatr bağlanandan sonra o, indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrının truppasına qəbul edilib. Azərbaycan SSR-in əməkdar artisti olan aktrisa “Ulduz”, “Bəyin oğurlanması” və bir sıra digər filmlərimizdə yaddaqalan obrazlar yaradıb.
Behbudovların yaşadığı otaq olduğu kimi saxlanılıb
Söhbətləri yekunlaşdırıb M.Behbudovun ailəsi ilə yaşadığı otağa düşürük. Evin sahibi İ.Soltanov deyir ki, otaqda heç bir əsaslı dəyişiklik edilməyib, pəncərələri, pəncərə altları, qapıları, tavanı, divar peçi olduğu kimi saxlanılıb. Bina mədəni irs abidəsi olduğundan fasadında hər hansı təmir-bərpa işlərinin aparılması da qadağandır. Soltanovlar binanın evlərinin yerləşdiyi hissəsinin fasadını yalnız rəngləyib və navalçaları yeniləyiblər.
M.F.Axundov küçəsi Tbilisinin tarixi və turistik hissəsində yerləşdiyindən inşaatçılar və sərmayəçilər üçün cəlbedici yerdir. Bunu küçədə Firdovsi küçəsi ilə kəsişmədə tikilməkdə olan yeni mehmanxana binası da sübut edir. Tikinti layihəsi 2019-cu ildə Tbilisi meriyasının Memarlıq Xidməti ilə razılaşdırılıb və xüsusi icazə alınıb. İndi həmin binadan yalnız baş və yan fasadlar qalıb. Belə ki, mədəni irsin qorunub saxlanılması ilə bağlı Gürcüstan qanunvericiliyə əsasən, tarixi binalar və memarlıq abidələrində aparılan təmir-bərpa və yenidənqurma işləri zamanı fasadları toxunulmaz saxlanılmalıdır.
Bina alınıb muzeyə çevrilə bilərmi?
Sərmayəçilər R.Behbudovun ömrünün müəyyən illərinin keçdiyi evin yerləşdiyi binanı da gözaltı ediblər. Binanı və yerləşdiyi sahəni almaq istəyənlər maraqlarını artıq açıq ifadə ediblər. Lakin Soltanovlar baba mülkünü bir şərtlə - binanın Azərbaycan tərəfindən R.Behbudovun xatirə muzeyinə çevrilməsi məqsədilə alınacağı halda satılmasına razılıq verə bilərlər.
M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru L.Əliyeva da tikilidə R.Behbudovun xatirə muzeyinin yaradılması təşəbbüsünü irəli sürüb: “Binanın Azərbaycan mədəniyyəti ocağına çevrilməsini arzulayırıq. Azərbaycan hökuməti Gürcüstanda Azərbaycan mədəniyyəti ocaqlarının aşkarlanması, bərpası və yaşadılması istiqamətində bizə hər zaman dəstək olub. Ümid edirəm ki, aşkarlanan binada R.Behbudovun xatirə muzeyinin yaradılması ideyası da müsbət qarşılanacaq. Muzey Gürcüstanda Azərbaycan mədəniyyətini və məşhur müğənninin yaradıcılığını tanıdıb təbliğ edəcək məkana çevrilə bilər”.
Burada qeyd edək ki, dünya şöhrətli müğənnimizin Tbilisidə bir neçə evdə yaşadığına dair məlumatlar var. O, 1988-ci ilin aprelində “Veçerni Tbilisi” qəzetinə verdiyi “Gürcüstanı unutmaq – özümü unutmaq deməkdir!” sərlövhəli müsahibədə vaxtilə Tiflisdə yaşadıqları məkanın adını çəkib: “...Atam əslən qarabağlı Məcid Behbudov da bunu təkrarlamağı sevirdi. O, tanınmış muğam ifaçısı – xanəndə idi. Yaxşı yadımdadır, o zaman Peskidə - ötən il Tbilisinin “Fəxri vətəndaşı” adı ilə təltif olunduğum yerdə - yaşadığımız evə böyük insan kütləsi toplaşardı. İfa saatlarla davam edirdi, qonşularımız atamı saatlarla dinləyərdi”. Keçmişdə Peski adlanan məkan hazırda mövcud deyil, Tiflisdə daşqın nəticəsində su altında qalıb. Həmin ərazidə 2010-cu ildə hazırkı mərkəzi Rike parkı salınıb.
Bir məqam da mütləq vurğulanmalıdır ki, Tbilisinin bəzi yerli azərbaycanlıları arasında R.Behbudovun sözügedən evdə doğulmadığını deyənlərə də rast gəlinir. Onlar bu evdə müğənninin müəyyən dövrdə yaşadığını bildirirlər. İstənilən halda M.F.Axundov 9 ünvanındakı evin görkəmli müğənni ilə bağlılığı var və R.Behbudovun xatirə muzeyinin yaradılması üçün ən uyğun və layiqli məkan da məhz buradır. Çünki onun ömrünün müəyyən illəri burada keçib və tikili mədəni irs abidəsi kimi qorunur. Memorial muzeyin yaradılması həmçinin Behbudovlara Tbilisidə sığınacaq vermiş Əliqulu Soltanovun, Gürcüstanda şöhrət qazanmış şuşalı xanəndə Məcid Behbudovun və onun həyat yoldaşı, Tiflisin mədəni və ictimai həyatında çox fəal rol oynamış Firuzə Vəkilovanın da xatirəsinə ehtiram göstəricisi olar.
“Tbilisidə Rəşid Behbudovun Xatirə Muzeyi açılıb” başlıqlı xəbər yazmaq ümidi ilə...