“Səssiz şəhər” Vilnüs: Azərbaycanlılarla litvalılar arasındakı bənzərlik - REPORTAJ

12 Fevral 2023 13:38    19036 Baxış   
“Səssiz şəhər” Vilnüs: Azərbaycanlılarla litvalılar arasındakı bənzərlik -    REPORTAJ

Azərbaycanlıların qısa zamanda rahatlıqla uyğunlaşıb yaşaya biləcəyi Avropa məkanı dedikdə bir çoxumuzun ağlına Latviya, Litva və Estoniya kimi postsovet ölkələri gəlir. Çünki onları bizə birləşdirən, tarixə söykənən və bəzən heç də xoş olmayan müəyyən “dəyər”lər var. Elə buna görə də qısa müddət əvvəl Avropaya cığır açmaq və başlanğıc üçün özümü çox da məngənəyə salmamaq niyyəti ilə həmin Baltikyanı ölkələrdən birinə - Litvaya köçdüm. Gəlmədən əvvəl kiçik bir araşdırma etdiyim üçün bu yerə öyrəşmək cəmi iki günümü aldı desəm, yəqin, şişirtmiş olmaram. Əslində, elə paytaxt Vilnüsün hava limanına ayağım dəyən kimi bir doğmalıq hiss etdim, elə bil səkkiz ildir yaşadığım Bakı ilə qardaş-bacıdırlar. Şəhərin ilk baxışdan belə təsir bağışlamasındakı ən böyük pay sahibi isə pasport kontrola bircə saat vaxt sərf etməyim oldu. Bəli, burdakı avropalılar heç də, xəyallarımızdakı canlandırdığımız kimi, bizdən zirək deyillər, özü də azərbaycanlılar kimi istiqanlıdırlar. Amma havaları bizimkindən bir az soyuqdur.

Şəhərin və mövcud qaydaların detallı təsvirinə keçməzdən öncə onu qeyd edim ki, üç milyona yaxın əhalisi olan Litvanın böyük bir hissəsini - 86 faizini elə litvalılar təşkil edir. Sonrakı pillələrdə isə polyaklar, ruslar, ukraynalılar, belaruslar qərarlaşır. Dini inancına görə ümumi əhalinin 77,2 faizi Roma katoliklərindən ibarətdir. Ölkədə həm əhalisinin sayına, həm də ərazisinə görə ilk sırada dayanan şəhər isə elə paytaxt Vilnüsdür. Adətən, paytaxt seçərkən müəyyən prinsiplər gözdən keçirilir. Məsələn, paytaxt şəhər həm hər hansı təhlükəyə məruz qalmamaq, həm də digər şəhərlərə təxminən eyni məsafədə olmaq üçün mərkəzdə yerləşməlidir. Bu kriteriyalara Kaunas şəhəri daha uyğun gəlsə də, Litvada da məsələyə fərqli prizmadan yanaşılıb və paytaxt seçimində tarixilik əsas götürülüb.



Bakıdan fərqli olaraq Vilnüs küçələrində insan sıxlığı və tıxac, demək olar ki, müşahidə edilmir. Qış uzun keçdiyi üçün hava çox tez qaralır və küçələr boş olur. Adam səs-küydən yox, səssizlikdən yorulur demək istəyərdim, ancaq Vilnüsün gecə həyatı maraqlı olduğu üçün əylənməyi bacaraların yorulmamaq kimi seçimləri də var. Ölkədə ən təqdirəlayiq məsələlərdən biri isə nəqliyyat sistemi ilə bağlıdır. Burada metro mövcud olsa da, əksəriyyət avtobus və trolleybuslardan istifadə edir. Lakin təqdirəlayiq olan bu yox, ödəniş forması və ölkənin vətəndaşlarına olan inamıdır. Belə ki, burada siz həm kart, həm də onlayn ödəniş vasitəsilə nəqliyyatdan istifadə edə bilirsiniz. Həmçinin tək istifadəlik biletlər də var ki, onların qiyməti bir avrodur. Onlayn ödəniş üçün isə “Trafi” aplikasiyası mövcuddur ki, o həm sizin yol xəritəniz, həm də aylıq limitsiz bilet almağınıza kömək edən vasitədir. Bileti alarkən sistem sizə müxtəlif endirimlər təklif edir. Məsələn, tələbəsinizsə, 80 faizlik güzəştdən faydalanaraq aylıq nəqliyyat istifadəsi üçün cəmi 5,80 avro ödəyirsiniz. Əgər yaşlısınızsa və ya fiziki məhdudiyyətiniz varsa, onda sizin aylıq yol xərcinizə 50 faizlik güzəşt tətbiq olunur və 14,5 avro ödəyirsiniz. Üstəlik bu nəqliyyat vasitələrinə daxil olarkən pul çıxılması üçün nə QR kod, nə də kart oxutdurursunuz. Yəni hətta siz bilet almamış olsanız belə, nəqliyyatdan istifadə edə bilərsiniz. Sürücü sizinlə heç bir əlaqəyə keçmir, pul ödəmədən düşsəniz, arxanızca unikal sözlər eşitmirsiniz. Yəqin: “Bəs sui-istifadə hallarının qarşısı necə alınır?”, - deyə düşünürsünüz. “Yəni Litvada heçmi fürsətçi yoxdur?” sualını verməkdə də haqlısınız. Fikrimcə, var. Ancaq Litvada bunu önləmək işinə nəqliyyat sektorunun əməkdaşları məsuldur. Belə ki, onlar günün müxtəlif saatlarında, bəzən iki gündən bir avtobusa daxil olub sizin biletlərinizə baxa bilərlər. Siz güzəştli biletlərdən istifadə etmisinizsə, əllilik dərəcənizi, yaşlılığınızı və ya tələbə olduğunuzu sübut edən sənədləri də göstərməyiniz tələb olunur.



Az əvvəl “Trafi”nin həm də yol xəritəsi olduğunu qeyd etdim. Bu proqram Litvada turistlərin ən yaxın dostudur. Çünki onun hesabına harada olduğunuzu, gedəcəyiniz yerə neçə nömrəli avtobus və ya trolleybusun çatdıra biləcəyini və bunun üçün nə qədər vaxt lazım olduğunu öyrənə bilirsiniz. Bu proqramın köməyi ilə Vilnüsün hansı simvolları ilə tanış olduğuma gəldikdə isə ilk olaraq Qədim şəhərinin baş meydanı olan Kafedral meydanından söz açmalıyam. Çoxluq bu yerdən kimləsə görüşmək üçün istifadə edir. Çünki Bakının “Torqovu”su kimi Vilnüsün da Kafedral meydanı məşhurdur. Gediminas təpəsinin dibində yerləşən bu yer əvvəllər Gediminas meydanı adını daşıyıb.



Vilnüsün ən qədim binalarından olan Zınqırov qalası Kafedral kompleksinin əsas parçalarındandır. Uzun illərdir meydan təkcə Vilnüsün yox, bütövlükdə ölkənin əsas simvollarından biri hesab edilir. Çünki orada yerləşən Kafedral kilsəsi Vilnüsün ən əhəmiyyətli katolik məbədlərindən biridir. Bu yer tarix boyunca bir çox müharibələrə şahidlik edib, bu gün isə böyük konsertlərə, dövlət tədbirlərinə və dini tədbirlərə ev sahibliyi edir. Bu yeri ən maraqlı edən xüsusiyyəti isə meydanın plitələri arasında “Baltik yolu” və “Möcüzə daşı” adlı iki daşın yerləşməsidir. Çünki 1989-cu ildə Estoniya, Latviya və Litvanın Sovet İttifaqına qarşı birlikdə mübarizəsini ifadə edən “Baltik yolu” daşının şəhərə və insanlara uğur gətirdiyinə inanılır. Hətta belə hesab edilir ki, kimsə bu daşın üstündə dayanıb saat əqrəbi istiqamətində üç dəfə fırlansa, arzusu reallaşacaq. “Möcüzə daşı” isə “Baltik yolu”nun son nöqtəsini özündə ehtiva edir ki, onu da köməksiz tapdıqda üzərində üç dəfə fırlanaraq arzu tutmaq olar.



Paytaxtdakı digər əsas simvolu isə şəhərin müxtəlif istiqamətlərindən görülməsi mümkün olan Gediminas qülləsidir. Bu tarixi abidə Vilnüs qalasından geridə qalan yeganə parçadır. Müharibələr və yanğın səbəbilə qüllənin ilkin versiyası tamamilə məhv olub və 1933-cü ildə polşalı memar Yan Borovski tərəfindən üçmərtəbəli qüllə yenidən tikilib. Köhnə qalanın bəzi qalıqları arxeoloji tədqiqatlar əsasında burada bərpa edilib.



Qüllənin yerləşdiyi təpəyə həm piyada, həm də liftlə qalxmaq mümkündür. Yuxarı qalxdıqda bu tarixi abidənin ziyarətçiləri bütün Vilnüsü görə bilərlər. Buranı maraqlı edən xüsusiyyətlərdən biri isə qüllədə 14-17-ci əsrə və sonrakı dövrlərə aid arxeoloji tapıntıları nümayiş etdirən muzeyin mövcudluğudur.



Yaxınlıqda yerləşən və Vilnüsdəki ən turistik məkanlardan hesab edilən bir digər yer 1495-1500-cü illərdə inşa edilən Müqəddəs Anna kilsəsidir. Düzü, Vilnüsdə sıxlıqla kilsələrə rastlamaq mümkündür. Ancaq bu Roma katolik kilsəsi digərlərindən fərqli memarlıq üslubuna sahib olduğu üçün daha çox göz oxşayır. Onun yerləşdiyi ərazidə ilk kilsə Böyük Vytautasın birinci xanımı Litvanın böyük düşesi Annanın şərəfinə taxtadan inşa edilib. Lakin 1419-cu ildə yanğın səbəbilə məhv olduğu üçün yerində Polşa kralı və Litvanın böyük hersoqu Aleksandr I Yagellonun təşəbbüsü ilə kərpic kilsə ucaldılıb. Müxtəlif dövrlərdə kilsədə bərpa işləri həyata keçirilib. Rəvayətə görə, Napoleon 1812-ci ildə Fransa-Rusiya müharibəsi zamanı kilsəni gördükdən sonra ona valeh olub və onu ovcunda Parisə aparmağı arzuladığını belə bildirib.

Hazırda Litvadakı Qotika memarlığının ən maraqlı nümunəsi hesab edilən bu kilsə YUNESKO-nun Dünya Mədəniyyət Mirasları siyahısındadır. Kilsənin həyətində dualar edilərək parçaların bağlandığı ağac var ki, bu gün orada bütün parçalar sarı və mavi rəngdədir. Görünən odur Anna kilsəsi həm də yurdlarından qaçqın düşən ukraynalıların ümid yeridir. (report)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar