Aydın məsələdir ki, Ukraynada müharibə uzandıqca mümkün ssenarilərin sayı da çoxalacaq. Ona görə də təsadüfi deyil ki, bir tərəfdən, Ukrayna prezidenti ölkəsi üçün silahlar almaq üçün fəal iş aparır, digər tərəfdən, Qərb dövlətləri müharibənin Ukrayna torpaqları tam azad olana qədər davam edəcəyini deyir, başqa bir tərəfdən isə, döyüşlərə son qoymaq üçün ən müxtəlif ssenarilər təklif olunur.
Bu günlərdə belə bir fikir səsləndirilidi ki, Koreya kimi Ukrayna da iki dövlətə parçalana bilər. Ruslar bu ehtimalı cavabsız qoymadılar, dərhal bəyan etdilər ki, belə olmayacaq, ola bilsin, Ukrayna ərazisinin bir hissəsi “qüdrətli Rusiya” dövlətinə birləşəcək. Əslində bunu irəlicədən təxmin etmək olardı. Belə ki, bir neçə ay bundan əvvəl Moskva Ukraynada “referendum” keçirmiş, işğal etdikləri Ukrayna ərazilərini Rusiya torpaqları elan etmişdi.
Amma çox çəkmədi ki, rus ordusu həmin ərazilərin bir hissəsindən geri çəkilməli oldu. Elə indi də vəziyyət kritik olaraq qalır. Kreml müharibənin bir illik yubileyinə qədər cəbhədə ciddi dönüş etməyə hazırlaşırdı. Hətta bunun üçün xüsusi əməliyyatların komandanını da dəyişdi, bu posta baş qərargah rəisi general Valeri Gerasimovu təyin etdi. Amma fevralın günləri biri-birini qovur, fəqət, rusların açdığı Ukrayna cəbhəsində ciddi irəliləyiş yoxdur və çox güman ki, olmaycaq da...
Doğrudanmı, Kreml bütün bunları hesablaya bilmir? Bir vaxt Vladimir Putin Suriya müharibəsini nəzərdə tutaraq “Bizi Əfqanıstan kimi ikinci müharibəyə sürükləmək istəyirlər” deyəndə biz onun sayıqlığını yüksək qiymətləndirmişdik. Amma bu, axıra qədər olmadı, Moskva Ukraynaya qarşı müharibə açdı.
Bu, əslində Sovet İttifaqını bərpa etmək uğrundakı müharibədir. Təsadüfi deyil ki, Moskva Kiyevdən sonra Kişinyovla haqq-hesab çəkəcəyini deyir. Üstəlik, arabir Baltik ölkələri ilə də gərginlik yaşanır.
Qərəz, bütün əski sovet məkanı narahatlıq içindədir. Qonşu Gürcüstan Ukrayna müharibəsi başlayan kimi geri çəkildi, Rusiyaya qarşı sanksiya və təzyiqlərə qatılmayacağını bəyan etdi. Amma Qərb, ABŞ və NATO ölkələri Tiflisdən daha müəyyən siyasət gözləyirlər. Ona görə də Tiflisin ikibaşlı siyasət apardığı güman edilir. Gürcüstanı başa düşmək olar, əgər bir məqam, Mixeil Saakaşvili hadisəsi olmasaydı. Bəli, Tiflis bir tərəfdən qorxur, digər tərəfdən isə, qorxudur və qəddarlıq edir...
Qərb dövlətləri Gürcüstandan eks-prezident Mixeil Saakaşvilini azad etməyi tələb edir. Amma Tiflis tələsmir.
Elə Avropa İttifaqının Ukrayna və Moldovadan fərqli olaraq Gürcüstana “namizəd dövlət” statusu verməməsi də bununla əlaqələndirilir.
İndi belə güman olunur ki, Tiflis bu statusu almaq üçün Brüssellə gizli danışıqlar aparır. Amma böyük ehtimalla “Gürcü arzusu” koalisiyası bu statusu almağa tələsmir, çünki Moskva NATO-dan fərqli olaraq Avropa İttifaqına inteqrasiya yolunda çəpər şəkmək niyyətində olmadığını iddia etsə də, Kremlə inanmaq olmur...
Ona görə də bu ilin gərgin olacağı ehtimalı yüksəkdir. Bütün hallarda, torpaq rus generallarının ayaqları altından sürüşür. Hətta Ermənistan Rusiyanı eşitməməyə və daha çox Fransa tərəfə meyl etməyə başlayıb. Elə bu günlərdə xarici işlər naziri Sergey Lavrov bildirdi ki, ölkəsi iki günə KTMT –nın xüsusi missiyasını Ermənistana göndərə bilər. Amma İrəvan rəsmilərinin sözlərindən belə məlum oldu ki, onlar daha KTMT-yə inanmırlar, çünki sonuncu guya Ermənistanın “harada başladığını və harada bitdiyini” bilmir...
Bu tərəfdən də İran dinc durmur, suyu bulandırmaqda davam edir. Elə bu günlərdə İran rəsmiləri bir daha bildirdilər ki, onlar Zəngəzur dəhlizinin reallaşmasının qarşısını alacaqlar. Bəli, burada yaxşı deyiblər ki, Allah, məni “dostum”dan qoru, düşmənimlə özüm bacararam...