QALİB ÜSYAN BAŞÇISI - QƏHRƏMAN ZEYNƏB PAŞA

22 Yanvar 2023 14:45    21776 Baxış   
QALİB ÜSYAN BAŞÇISI -  QƏHRƏMAN ZEYNƏB PAŞA

O, XIX yüzilin sonlarında qırx Təbrizli xanımla birlikdə feodal qayda-qanunlarının çərçivəsindən çıxaraq daxili və xarici istismara qarşı hərbi mübarizəyə başlamaq cəsarətini özündə tapmışdı. Bütün qadınların rübənddə gəzdiyi həmin illərdə Zeynəb Paşa (1831-1921) üzünü gizlətməzdi. Əfsanəvi xalq qəhrəmanı kimi yaddaşlarda qalması onun böyük hünər və cəsurluq göstərdiyi “Tənbəki üsyanı” ilə bağlıdır. Zeynəb Paşa XIX əsrin sonlarında Təbrizdə “Tənbəki üsyanı”nın rəhbəri olub.

Zeynəb Paşa 1831-ci ilin (hicri-şəmsi tarixi ilə 1209-cu ilin) martında Təbrizin quzeyində sadə, kasıb bir kəndli ailəsində anadan olmuşdu. Atası, əkinçi Şeyx Süleyman çox kasıb olduğu üçün Zeynəb kiçik yaşlarından ağır həyatın bütün çətinliklərini görmüş, maddi sıxıntılarla böyümüşdü. Lakin buna baxmayaraq Şeyx Süleyman qızını məktəbə göndərmiş, min bir zəhmətlə onu oxutmuşdu. Doğulub boya-başa çatdığı Təbriz tarix boyu sənətkarlar, qəhrəmanlar, inqilabçılar, üsyankarlar yurdu kimi tanınıb şöhrətləndiyindən doğma şəhərin vətənpərvərlik ovqatı kiçik Zeynəbin də mənəvi inkişafına önəmli təsirini göstərmişdi. Sadə həyat tərzi keçirən Zeynəb Paşanın ömrünün “Tənbəki üsyanı”ndan əvvəlki mərhələsi haqqında mənbələrdə yetərli qədər məlumat yoxdur. Zeynəb xanımı Zeynəb Paşaya çevirən bu üsyandakı qəhrəmanlığı sayəsində onun adını bütün xalq tanıdığından həyatının əsasən bu mərhələsi barədə qaynaqlarda ətraflı bilgilərə rast gəlinir.

Nəsrəddin şah dövründə, 1891-ci ildə ölkənin bir çox yerində, o cümlədən Təbrizdə “Tənbəki üsyanı” adlı xalq nümayişlərinin başlanma səbəbi isə şah hökumətinin tütün və tütün məmulatlarının istehsalı üzrə inhisarını ingilis kapitalisti Talbota verməsi idi. Həmin dövrdə İranda tütün sənayesində 200 mindən çox insan işləyirdi, buna görə də həmin addım İran bazarlarına ciddi zərbə vurmaq idi. Ölkənin gəlirinin önəmli bir hissəsi tütün satışından gəlirdi. Əslində, tütün inhisarının İngiltərənin əlinə keşməsi İranı tütün sektorunda işsizliklə hədələyirdi. Buna görə də xalq şahın bu qərarına biganə qala bilməzdi. Ölkə qarşıdakı illərdə aclıq, işsizlik və digər böyük sıxıntılarla üz-üzə qalacaqdı.

1891-ci ilin yazında iri şəhərlərdə - Təbriz, Tehran və Şirazda inhisara qarşı kütləvi etirazlar başladı. Varlı tütün tacirləri xalq iğtişaşlarının inkişafında, bazarlarda mitinqlərin təşkilində və görkəmli din xadimlərinə müraciətdə həlledici rol oynayırdı. Şiraz, Tehran və Təbriz tütün inhisarına müxalifətin əsas mərkəzlərinə çevrilmişdi. 1891-ci ilin mayında ünlü Şiraz mollası Seyid Əli Əkbər inhisarçılığa qarşı təbliğat apardığına görə şahın əmri ilə şəhərdən qovulmuşdu. Lakin o, şəhəri tərk edərkən, hadisələrə təsir etmək məqsədilə tanınmış mütəfəkkir və siyasətçi, ideoloq Cəmaləddin Əfqanidən (01.11.1838, Həmədan - 1897, İstanbul) Şirazın baş axundu Mirzə Həsən Şiraziyə məktub yazmasını xahiş etmişdi.

İngiltərənin yaranan durumdan istifadə edərək İranın bütün vilayətlərinə öz məmurlarını göndərdiyi belə bir vaxtda İranın istismar altına düşməsi hadisəsinə ilk reaksiya verən inqilabçı ruhlu Təbriz olmuşdu. Etirazçılar Şaha teleqraf göndərərək bu işdən əl çəkməsini tələb etmişdi. Şəhərdə dərhal 3 min silahlı qüvvə toplanmışdı.

Təbrizdə Zeynəb Paşanın başçılığı ilə başlayan üsyan az müddətdə ətrafına çox sayda tərəfdaş topladı. Zeynəb Paşa üsyana başlayanda onun silahı belə yox idi. O, mismar və dəmir parçaları bərkidilmiş dəyənəyini əlinə alaraq bir neçə qadınla etirazlara başlamışdı, daha sonra bu kiçik qrup böyüyərək böyük bir silahlı üsyançı dəstəsinə çevrildi. Tütün embarqosunun baş tutması üçün üç min qadını səfərbər edərək, (bir qrup silahlı qadınla) Təbriz bazarlarının açılmasına mane olanda onun 60 yaşı var idi. Bu baxımdan o, Şərqdə gender problemini qaldıran və tütün embarqosundan sonra da şöhrəti bütün İrana yayılana qədər mübarizəni dayandırmayan qəhrəman bir qadın kimi tarixə düşdü.

Həmin günlərdə Təbrizli Hacı Mirzə Cavad Ağa Müctəhid Zeynəb Paşaya dəstək olmuş, öz ruhani və siyasi müridlərini bazara göndərmiş, insanları dükanlarını bağlamağa dəvət etmişdi. Təbriz bazarını bağlatdıqdan bir neçə gün sonra dövlət məmurları bazarı zor gücünə açdırmışdı. Hadisədən bir-iki saat keçməmiş əli silahlı, başı ləçəkli, çadralarının uclarını belinə bağlamış bir dəstə qadın bazara gəlib onu silah gücünə yenidən bağlatmış və şəhərin küçələrində yoxa çıxmışdı. Bu silahlı qadın dəstəsinə rəhbərlik edən qadın Zeynəb Paşadan başqası deyildi. Beləliklə, Zeynəb Paşa qırx təbrizli xanımla birgə Şah hökumətindən qorxmadan hərbi mübarizəyə başlamışdı.

“Tənbəki üsyanı” nəticəsində Şah hökuməti tütün məmulatları üzərində inhisarın ingilis kapitalisti Talbota verilməsi haqqında müqaviləni ləğv etdi. Beləliklə, ingilis şirkəti Güney Azərbaycandakı fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Xalqın mubarizəsi qarşısında Nəsrəddin Şah qərarını geri götürsə də, qadınlar yenə silahı yerə qoymamışdı və məmurlar Zeynəb Paşanın və onun döyüşçü dəstəsinin qarşısında aciz qalmışdı...

Zeynəb Paşa kasıb qadınları ətrafına toplayıb varlanmaq üçün ölkədə süni surətdə qıtlıq yaradan taxıl möhtəkirlərinin anbarlarına hücum etməyə başlamışdı. O, anbarları açıb aclıq çəkən ailələrə pulsuz taxıl paylayırdı. Aclıq vaxtı xalqın dadına çatan bu üsyançı qadın öz silahlı dəstəsi ilə birlikdə Təbriz valisinin anbarını belə xalqın üzünə açmışdı. Həmin vaxt qarışıqlıqlarda 30 nəfər öldürülmüş, vali isə vəliəhdin sarayına qaçmışdı. Bu vaxt Zeynəb Paşanın 68 yaşı vardı.

Dövrün şairlərindən biri Zeynəb Paşa və onun yoldaşları haqqında yazırdı:

Hökm eylədi Zeynəb Paşa

Cümlə ənasül-fəraşa.

Siz bazarı basın daşa

Dəyənəyi yağlayım gəlim,

Patavamı bağlayım gəlim.


Zeynəb Paşa yalnız silahlı basqınlarla kifayətlənmirdi, xalqı mübarizəyə çağıran nitqlər də söyləyirdi. Çıxışlarının birində kişilərdən etiraz səsini ucaltmağı tələb edən bu mübariz qadın, üzünü onlara tutaraq demişdi: “Əgər siz kişilərin zülmkarlarla mübarizə etməyə cürəti çatmırsa, qorxursunuzsa, alın bu ləçəyi siz bağlayın. Biz namusumuzu, malımızı, vətənimizi özümüz qoruyarıq. Bundan sonra kişi və kişilikdən danışmayın. Biz sizin əvəzinizə də vuruşarıq”. Bu sözləri söylədikdən sonra Zeynəb Paşa ləçəyini çıxarıb kişilərə tərəf atır və hamının təəccüb dolu baxışları altında yoxa çıxır.

Həmin günlərdə nəinki çörək, digər ərzaq məhsullarını da ehtiyat üçün yığıb anbarlarda saxlayan varlılar Zeynəb Paşadan qorxurdu. Zeynəb Paşa bütün anbarların yerini öyrənir, özünün silahlı qadın dəstəsi ilə anbarlara hücum edərək, məhsulları ucuz qiymətə xalqa satır, sonra isə pulunu mal sahibinə çatdırırdı. Həmin illərdə ən geniş yayılmış şüar “Çörək! Çörək!” şüarı idi. Xalqın möhtəkirlərə qarşı çıxdığını görən hökumət Marağadakı qoşunlarını Təbrizə çağırmışdı. Bir kişi və beş qadının öldürüldüyü silahlı mübarizə vaxtı bəzi nüfuzlu ruhanilər də qadınlara qoşularaq rus konsulluğunun önünə yığılmışdı. “Çörək! Çörək!” şüarı Şah rejimi əleyhinə siyasi şüara çevrilmişdi.

Deyilənə görə, Zeynəb Paşa həyatının son illərində belə hünərli və cəsur olmuş, yeri gələndə silaha əl atmaqdan çəkinməmişdir. O, 80 yaşında silah və əqidə dostları olmuş Fatmanisə, Sultanbəyim, Mahşərəf, Canbəyim, Xeyransa, Mahbəyim, Şahbəyimlə birlikdə bir karvana qoşularaq Kərbəlaya getmişdi. Zeynəb Paşa təkcə ziyarət məqsədi ilə deyil, ömrünün qalan hissəsini Kərbəlada dinc və ibadətlə yaşamaq üçün yola çıxmışdı. Yolda gözlənilməz bir hadisə baş vermiş, qəfil bir quldur dəstəsi karvanın qarşısını kəsib zəvvarların əşyalarını ələk-vələk etmişdi. Onların bu hərəkətinə dözməyən Zeynəb Paşa silaha əl atmış, qadının bu cəsurluğunu görən quldurlar qorxudan qaçıb aradan çıxmışdır...

Zeynəb Paşa 90 yaşında Kərbəlada vəfat etmişdir. Bu qəhrəman Azərbaycan qadınının həyatı və mübarizəsi barədə məlumat kifayət qədər deyildir. Güney Azərbaycanda daxili və xarici istismarçılara qarşı önəmli bir hərbi mübarizənin – “Tənbəki üsyanı”nın lideri kimi adını tarixə yazan bu qəhrəman qadının adı yaddaşlarda “Bibişah Zeynəb”, “Onbaşı Zeynəb” kimi əbədiləşib, həyatı igidlik simvoluna çevrilib. O, xalq arasında elə bir şöhrət qazanıb ki, bu gün də Təbrizlilər XIX yüzildən söz düşəndə “Zeynəb Paşadan öncəki” və “Zeynəb Paşadan sonrakı” deyə dövrü iki mərhələdə təsnif edir. Onun qorxmazlığı Güney Azərbaycanda yaranan atalar sözləri və məsəllərdə də öz əksini tapıb.

Məşrutə dövrünün ən fəal qadınlarından olan Zeynəb Paşanın qabaqcıl fikirli insan kimi orta üyzilliklərdən qalma çürük adət-ənənələrə qarşı çıxması, qadınlara vurulmuş köləlik zəncirini qıraraq Təbrizin qəhrəman qadınları ilə birgə zülm və istibdad əleyhinə ayağa qalxması nəsillərə örnək bir cəsarət nümayişidir.

Zeynəb Paşanın həyatı və mübarizəsi öz dövründə də, günümüzdə də bir çox şair və yazıcının əsərlərinin mövzüsu olub. Onun yenilməz iradəsi, Şahı qərarından döndərən mübarizliyi, qəhrəmanlığı haqqında çox yazılıb. Zeynəb Paşanın qəhrəmanlıq dastanından bəhs edən, 2017-ci ilin yanvarında rejissor Nazila Yaranzadın rəhbərliyi ilə türk dilində hazırlanmış “Paşa” adlı teatr tamaşası 36 dəfə Beynəlxalq Fəcr Teatr Festivalında göstərilib. Tamaşa 2018-ci ildə Təbrizdə də nümayiş etdirilib.

2018-ci ildə qardaş Türkiyənin paytaxtı Ankarada keçirilən XII Ankara Ethos Uluslarası Teatr Festivalında İranı Təbriz teatrı təmsil edərkən Təbrizin Gənc Paşa Teatrının təqdimatında yazıçı Əkbər Şəriətin əsəri əsasında hazırlanmış “Paşa” tamaşası isə Azərbaycan dilində nümayiş olunub. Musiqisi Şahrux Pənahfərdə məxsus olan və tragikomediya janrında səhnəyə qoyulan “Paşa” tamaşasında təbrizli aktyorlar Məhəmməd Qənbəri, Mehdi Səmsari, Delaram Həbib Piran, Bəhram Həsənbabayi, Vəhid Şirzad, Əli Abbaspur çıxış edib.

Təbrizdə “Əxtər” yayınlarının nəşr etdiyi “Zeynəb Paşa” adlı kitabda onunla bərabər mübarizə aparan qadınlardan bəhs edən “Yüzbaşı Xavər”, “Nayıb Külsüm”, “Fatma Nisa”, “Atlı Şah Bəgüm”, “Sultan Bəgüm”, “Xeyrünnisa” və “Mah Bəgüm” adlı bölmələr də üsyançı qadınların birgə fəaliyyəti haqqında dolğun təəssürat yaradır.

2000-ci ildə Təbrizdə, Gülüstan bağında Zeynəb Paşanın büstü qoyulmuşdur. Bu büst hazırda Təbrizin Konstitusiya muzeyində saxlanılır. Azərbaycanın mübariz qadınları arasında böyük şöhrəti olan qəhrəman Zeynəb Paşanın qəhrəmanlığı hələ neçə-neçə sənət əsərinin mövzusu olacaq.

Xalqımız belə qəhrəman qadınlarımızla əsrlər boyu qürur duyacaq, fəxr edəcək.

Qənirə PAŞAYEVA,
MM-in Mədəniyyət Komitəsinin sədri



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar