“Odlar Diyarının Zəfər Bayrağı” adlı tədbir keçirilib

05 Noyabr 2021 15:42    466 Baxış   
“Odlar Diyarının Zəfər Bayrağı” adlı tədbir keçirilib


04 noyabr 2021-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən 8 Noyabr- “Zəfər Günü”nə həsr olunmuş “Odlar Diyarının Zəfər Bayrağı” adlı tədbir keçirilmişdir.

Tədbirdə Vətən müharibəsi şəhidlərimizin ailələri və qazilər, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Millət vəkilləri- Madər Musayev, Kəmallədin Qafarov, Səbinə Xasayeva və Sadiq Qurbanov, Bakı Şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin Rəhbəri Bəxtiyar Əsgərov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Hüseyn Əsgərov, RİH başçısı Aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının Qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru səlahiyyətlərini müvəqqəti əvəz edən Zeynal Rəşidli, bələdiyyə sədrləri, orta ümumtəhsil müəssisələrinin, məktəbəqədər təhsil müəssisələrinin və mədəniyyət müəssisələrinin direktorları, ictimai birliklərin rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.
Tədbir əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Vətən torpağı uğrunda canlarından keçərək ən Uca Zirvə- Şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilərək açıq elan edildi.

Rəsmi hissədən öncə qonaqlar 44 günlük Vətən müharibəsində baş verən hadisələrin və 1 il ərzində Binəqədi rayonunda şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin tanıtımına həsr olunmuş “Zəfər yolu” adlı video çarxı izlədilər.

Giriş nitqi ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun əldə etdi Şanlı Qələbə- 8 Noyabr – “Zəfər Günü” münasibətilə hər kəsi təbrik edərək Vətən uğrunda canından keçərək ən uca Zirvə- Şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızı ehtiramla yad etdiyini, qazilərimizə isə can sağlığı arzuladığını, ifadə etdi.

Daha sonra çıxış edən Vətən Müharibəsi Şəhidi Bəhmənli Manafın anası Suray ana və Vətən Müharibəsi Şəhidi Zeynalov Teymurun atası Tağı müəllim çıxış edərək övladlarının yoxluğu ilə əziyyət çəkdiklərini ifadə etsələr də, övladları ilə fəxr etdiklərini, xatirəsinə göstərilən hörmət və ehtiramdan böyük məmnunluq hissi keçirdiklərini bildirdilər, həmçinin onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz təşəkkürlərini bildirdilər.
Tədbirdə o cümlədən çıxış edən natiqlər millət vəkili Sadiq Qurbanov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov qalibiyyət simvolunun rəmzinə çevrilən Zəfər Günündən danışdılar. Onlar xalqımızın birliyi, bərabərliyi sayəsində işğala məruz qalmış ərazilərdə milli-mənəvi dəyərlərimizin dirçəldiyini, məhv edilən mədəniyyət abidələrinin yenidən bərpa olunacağını vurğuladılar.

Həmçinin çıxış edən Vətən müharibəsi qəhrəmanı, qazi Abdullazadə Azər və Vətən müharibəsi qazisi Ceyhun Sədrayev “Biz Vətənimiz uğrunda döyüşmüşük. Hər bir əsgər ölümü gözə alaraq, Vətənini, millətini, ailəsini qorumaq üçün döyüşə gedir. Hazırda gördüyümüz qayğı isə bizə verilən qiymətin bir nümunəsidir. Bunun üçün başda Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla, bütün xalqımıza minnətdarıq. Şanlı Zəfərimizin ildönümü münasibətilə bütün Azərbaycanı təbrik edir, Vətən uğrunda canından keçən bütün şəhid qardaşlarımıza Allahdan rəhmət diləyirik”, söylədilər.

Sonda çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov bildirdi ki, hərb tariximizin şərəfli səhifəsi olan və bizi Qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qeyrətli və vətənpərvər oğulları erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular, uzun illər qədəmimizin dəymədiyi, nəfəsimizin toxunmadığı, həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımızı qaldırdılar. Eşq Olsun Azərbaycan xalqına!

Tədbirin bədii hissəsinə keçid edildikdən sonra əməkdar artist, xanəndə İlkin Əhmədov, Binəqədi Rayon sakini müğənni Ayaz Qasımov və müğənni Nərmin Kərimbəyovanın ifalarında vətənpərvər mahnılar dinlənildi. Daha sonra Fikrət Əmirov adına Azərbaycan Dövlət mahnı və rəqs ansamblı “Cəngi” xalq rəqsini ifa etdilər.

Sonda şəhid ailələri və qazilərlə xatirə şəkli çəkildikdən sonra qonaqlar və rayon ictimaiyyəti ilə birgə hər kəs açıq havada 8 Noyabr- “Zəfər Günü”nə həsr edilmiş atəşfəşanlığı izlədilər.

30 ilin nisgilinə son qoyan ZƏFƏR GÜNÜN MÜBARƏK, AZƏRBAYCAN!




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar