Makron uduzdu - Paris İrəvanı yenə Moskvanın qucağına atacaq - VIDEO

02 İyul 2024 16:35    5339 Baxış   
Makron uduzdu -  Paris İrəvanı yenə Moskvanın qucağına atacaq - VIDEO

Fransa keçirilən parlament seçkilərinin ilk turu gözlənildiyi kimi neofaşistlərin qələbəsi ilə başa çatdı. Seçkidə radikal sağçı Marin Le Penin Milli Birlik Partiyası 32 faiz səslə birinci, Jan Lük Melanşonun solçu Yeni Xalq Cəbhəsi 29 faiz səslə ikinci, prezident Emanuel Makranonun liderlik etdiyi koalisiya isə 21,5 faiz səs toplaya bilib.

Seçkilərin nəticələri sürpriz olmadı və Fransa siyasətində ultra sağın yüksəlişi gözlənilən idi. Xüsusilə indiki növbədənkənar seçkilərə səbəb olan Avropa parlamentinə seçkilər də radikal sağın üstünlüyü ilə bitmişdi. Fransada 30 ildən çox ölkə siyasətində aparıcı mövqeyə malik olmuş sağ və sol mərkəzçi bloklar ciddi böhran keçirir. Fransa siyasətinə Jak Şirak və Nikola Sarkozi kimi prezidentlər vermiş sağ mərkəzçı qüvvələr seçkilərdə ciddi məğlubiyyətə məruz qaldılar. Eyni zamanda sağın əsas rəqibi olan Sosialistlər Partiyası da siyasi çöküşünü yaşayır. Makrondan əvvəlki prezident Fransua Ollandın hakimiyyətdən gedişindən sonra sosialistlər Fransa siyasətində aparıcı partiya olmaq rolunu itirdilər. Hər nə qədər sosialistlər daxilində Seqelan Ruayal xətti partiyanı yenidən ayağa qaldırmaq üçün səylər göstərsə də, bu, uğursuzluğa düçar oldu. Solçu qüvvələr arasında üstünlük tamamilə Melanşonun əlindədir. Mərkəz sağ da eyni vəziyyət hökm sürür. Nikola Sarkozidən sonra bu qrupda liderliyi keçmiş baş nazir Fransua Fiyon ələ almağa çalışsa da, o, bu işin öhdəsindən gələ bilmədi. Buna görə də onlar yenidən keçmiş prezident Nikola Sarkozini başa keçirmək və onun vasitəsi ilə mövqelərini gücləndirməyə çalışırlar.

Beləliklə, növbəti seçkilər 3 qüvvənin fransız siyasətindəki aparıcılığını təsdiqlədi - nüfuz artmaqda olan ultra sağ, toparlanmağa çalışan sol mərkəz və nüfuzü yerlə bilən mərkəzçi makronistlər. Xarici siyasətdə olduğu kimi daxili siyasətdə də kifayət qədər ciddi səhvlərə yol verən Makronun ikinci turdan sonra Yeliseyi tərk etməsi böyük ehtimaldır. O, ya yeni hökumətdə Melanşonun koalisiyasına daxil olacaq, ya da Le Penin sərt təzyiqinə məruz qalacaq. Əgər ikinci tur seçkilərində də eyni performans sərgilənərsə, o zaman Fransada yeni hökuməti radikal sağçılar quracaq. Bu isə nəinki Fransanın, ümumilikdə Avropa və dünya siyasətinə ciddi təsir edəcək hadisədir.

Əvvəla miqrantlara qarşı çox sərt və radikal addımların şahidi olacağıq. Hazırda Fransada yaşayan xarici vətəndaşlar, əsasəndə İslam ölkələrindən gəlmiş şəxslərə qarşı çox sərt tədbirlərə əl atılacaq. Fransaya miqrasiya ilə bağlı sərt qərarlar qəbul ediləcəyi gözləniləndir. Fransanın Avropa İtifdaqı ilə münasibətləri soyutması və ittifaq rəhbərliyinin ölkənin daxili işlərinə müdaxiləsinə qarşı sərt addımlar atılacaq ki, bu, Paris və Brüssel arasındakı münasibətləri son dərəcə kəskinləşdirəcək.

Eyni zamanda ABŞ-nin Avropaya müdaxiləsi ilə bağlı Le Pen hökümətinin ciddi müqavimət hərəkatı formalaşdırması gözlənilir. Bundan əlavə, Fransanın NATO-nu tamamilə tərk etməsinin şahidi də ola bilərik. Marin Le Penin xarici siyasətdəki əsas müttəfiqi Rusiya prezidenti Vladimir Putindir. Buna görə Ukraynaya Fransa tərəfindən göstərilən yardımın tamamilə kəsilməsi və ya zəifləməsi, Rusiya ilə münasibətlərin son dərəcə yaxşılaşması müşahidə edilə bilər.

Ultra sağın Fransada hakimiyyətə gəlməsi Avropada islafobiyanın daha da güclənməsinə səbəb olacaq. Baş verəcək hadisələrin necə təhlükəli bir hal olduğunu görən Avropa İttifaqı və NATO rəhbərliyi dərhal hərəkətə keçib. Avropanın bir çox siyasətçisi Fransadakı seçki nəticələrini fəlakət adlandırıb. Fransa prezidenti Emanuel Makron isə bütün siyasi qüvvələri birləşərək ultra sağın ölkədə hakimiyyətə gəlməsinə mane olmağa çağırıb. Əgər Makron radikal sağa gedən səslərin sağ mərkəzə getməsini təmin edə bilsə və seçkidən sonra Melanşonla birləşərək digər kiçik qüvvələri də öz ətrafında cəmləşdirə bilsə, radikal sağın hakimiyyətə gedən yolunu bağlaya bilər. Əks halda Avropanın aparıcı dövlətlərindən biri neofaşistlərin əlinə keçəcək.

Fransanın Le Penin dövründə Cənubi Qafqaz siyasətində də köklü dəyişiklərin şahidi ola bilərik. Kremillə isti münasibətləri olan ultra sağçılar onun Ermənistandakı nüfuzuna mane olmayacaq və Makronun İrəvana verdiyi dəstəyi zəiflədəcək. Bir sözlə, Fransada hakimiyyətin dəyişəcəyi təqdirdə, Paris İrəvanı yenə Moskvanın qucağına atacaq.

Zeynal Əmrəliyev





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar