İslam dini əxlaqın gözəlliyinə üstünlük verən din və ya düşüncə sistemidir. Həzrət Məhəmməd (s) “İslam gözəl əxlaqdır” buyurmuşdur. Həzrət Peyğəmbərin (s) gözəl əxlaqa təşviq edən çox gözəl sözləri vardır. “Möminlərin iman baxımından ən kamil olanı əxlaqı ən gözəl olandır” , “Aranızdan ən çox sevdiklərim və Qiyamət günündə mənə ən yaxın olanlarınız əxlaqı ən gözəl olanınızdır” hədisləri əxlaqı tərif edən hədislərdəndir. Qurani-Kərimdə ədalət, əhdə sadiqlik, əfv etmək, düzgünlük, ata-anaya itaət, sevgi, qardaşlıq, mərhəmət kimi gözəl əxlaqı təşviq edən və zülm, haqsızlıq, riya, həsəd və s. bu kimi xüsusiyyyətləri nəhy edən ayələrin yer alması ilahi kitabda əxlaqa nə qədər əhəmiyyət verildiyinin bir göstəricisidir.
Sevgili Peyğəmbərimizin (s) əxlaq barədə buyurduqlarını bir yerə toplasaq, bir kitaba sığmayacaq qədər geniş kəlamlar ortaya çıxar. O, sadəcə, bu sözləri söyləməklə kifayətlənməmiş, həmçinin gözəl əxlaqı həyatında yaşayaraq, insanlara nümunə olmuş və onu öyrətmişdir.
Buna görə də Peyğəmbər (s) əxlaqı İslam əxlaqının ən gözəl tərəflərini ortaya qoymuşdur. İslam dinində əxlaqın böyük bir əhəmiyyəti vardır. İslamın qayəsi insanları gözəl əxlaq sahibi edərək kamilləşdirməkdir. Həzrət Məhəmməd (s) buyurur: “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim”. Bir müsəlmanın dəyəri əxlaqının gözəl olması ilə ölçülür. Bu barədə Həzrət Peyğəmbər (s) ona ən sevimli olanların gözəl əxlaq sahibləri olduğunu buyurmuş, “Allah qatında ən sevimli qullar kimlərdir” sualına da “Əxlaqı ən gözəl olanlardır” cavabını vermişdir.
Allah-Təala insanlığı inancsızlığın zülmətindən çıxarıb iman və gözəl əxlaqın işığına qovuşdurmaq üçün peyğəmbərlər və səmavi kitablar göndərmişdir. Allah insanları heç zaman rəhbərsiz buraxmamamış və sonuncu kitab olaraq Qurani-Kərimi və sonuncu peyğəmbər Həzrət Məhəmmədi (s) göndərmişdir. İslam dininin əsas məqsədi Tovhid inancını bütün insanların konüllərinə həkk etməsi və onların gözəl əxlaq sahibi fərdlər olmalarıdır. Allah-Təala Qurani-Kərimdə buyurur: “Ey kitab əhli! Sizə kitabda (Tövratda və İncildə) gizlətdiyiniz şeylərin bir çoxunu bildirən, bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan (və ya sizdən bir çoxunu bağışlayan) Peyğəmbərimiz gəldi. Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab (Quran) gəldi. Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbərlər və Quran vasitəsilə) əmin-amanlıq (sülh) yollarına yönəldər, onları Öz iznilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!” ("Maidə" surəsi, ayə 15-16).
Qurani-Kərim Həzrət Peyğəmbəri (s) belə tanıdır: “Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!” (Qələm surəsi, ayə 4), “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (Əhzab surəsi, ayə 21). Qurani-Kərimdə etiqad, ibadət və əxlaqa aid əsaslar bir çox ayələrdə birlikdə buyurulub. Bu da iman ilə əxlaqi davranışlar arasında qırılmayan əlaqənin olduğunu göstərmək üçündür. Əxlaq anlayışı bir insanın bütün davranışlarını əhatə edər. İbadətin də hikməti insanı gözəl əxlaq sahibi olmağa yönləndirməkdir. Bunun üçün gözəl əxlaq müsəlmanların aynasıdır. Həzrət Peyğəmbər (s) buyurur: “İman baxımından möminlərin ən kamili ailəsinə şəfqət və mərhəmət göstərən, əxlaqı gözəl olandır”.
Gözəl əxlaqı qorumaq Allah-Təalanın əmridir. Eyni zamanda, ictimai davranışın və insanlıq qürurunun ucalamsının vacib cəhətidir. Bir insanın elədiyi pis hərəkətlərin ailədən başlayarqa bütün cəmiyyətə qədər zərəri vardır. Bunun üçün əxlaqa zidd hərəkətləri görüb, onun yanından etinasızlıqla ötmək bu çatışmazlıqların yayılmasına şərait yaratmaq deməkdir. Gözəl əxlaq zidd davranışları nəsihət və təsirli sözlərlərlə düzəltməyə çalışmaq, yaxşı xarakterli olmağa təşviq etmək cəmiyyət üçün önəmli bir vəzifədir.
İnsan dünyaya tərtəmiz halda gəlir. Əgər ata-ana tərəfindən gözəl tərbiyə edilib, gözəl xasiyyətlər aşılanırsa, gözəl əxlaqlı olaraq yetişir. Düzgün tərbiyə olunmayan və ruhunu çirkin xasiyyətlər örtərsə, ondan gözəl əxlaq gözləməyə də dəyməz. Necə ki, bədənimiz xəstəlikərdən müalicə oluna bildiyi kimi, ruhumuz da pis vərdişlərdən müalicə oluna bilir. Sevimli Peyğəmbərimizi (s) də insanlara “Əxlaqınızı gözəlləşdirin” buyurmuşdur.
Qurani-Kərimdən bəzi ayələri misal göstərməklə onların işığında qeyd etmək istədyimiz əsas məsələ odur ki, biz bu dünyada müvəqqəti zaman içərisində yaşayırıq. Əxlaqı gözəlləşdirməklə insan Yaradanın sevimli bəndəsinə çevrilə bilir. Gəldiyimiz qaynağa geri dönəcəyimiz bir gün vardır. İnsanın insana göstərdiyi sayğı və sevgi müqəddəs Kitabımızın bizə öyrətdiklərindəndir. Bu sevginin qazanılması isə gözəl əxlaq sahib olmaqdan keçir.
Rəsul Mirhəşimli