(Covid 19 əleyhinə peyvənd almış Reproduktiv yaş dövründə olanların oxuması məsləhətdir)
Covid 19 pandemiyası endemikləşib, lokallaşaraq, əbədiyyətə qovuşduğu bir vaxtda, guya peyvəndlərin qadın və kişi sonsuzluğuna səbəb olması haqqında əsassız fikirlər səslənir. Sanki Covid 19-un gəlişi kimi, gedişinin də insanlığa faciələr yaşadacağı beyinlərə yeridilir. Qəribəsi odur ki, rəsmi qurumlara ünvanlanan bu suala verilən cavablar da, əsassız və məntiqsizdir. Odur ki, bu məsələyə elmi münasibət bildirməyi zəruri bildim.
Bəri başdan söyləyirəm ki, istənilən vaksin çoxalmaya xidmət edən genin yox, spesifik antigenin əmələ gəlməsinə xidmət edən genin daşıyıcısı olduğundan, onun sonsuzluğa səbəb ola bilməsi qeyri mümkündür. Vaksin fonunda əmələ gələn antitellərin qadın və ya kişi sonsuzluğuna səbəb olma ehtimalına gəldikdə isə, bunun inkarı aşağıdakı məntiqi elmi təhlilə istinad edir:
a) Qadın sonsuzluğuna münasibət:
İddia olunur ki, peyvənd nəticəsində əmələ gələn antitellər tək Covid 19-un zülal təbiətli genom strukturunu deyil, həm də dölün mövcudluğunun təminatçısı olan, ciftin əmələ gəlməsinin təməl əsası, Sinçitin-1 proteininə qarşı da yüksək affinlik göstərərək, onu inaktivləşdirir. Nəticədə qadınlarda reproduktiv funksiya geridönməz şəkildə bloklanır. Bunu antitellərin təsir hədəfi olan virusun S- spayka (yapışan) zülalı və Sinçitin-1-in genom strukturunun oxşarlığı ilə əlaqələndirirlər. Bu fikir tamamilə yanlış və əsassızdır. Çünki Covid 19-un S-spayka zülalı 1273 aminturşusundan ibarət olduğu halda, Sinçitin-1 zülalının tərkibində cəmi 538 aminturşusu vardır. Hər iki zülalda yalnız 5 aminturşu ardıcıllığı eynidir ki, bunlar da struktur vahidi kimi identik deyildir. Yəni peyvəndin nəticəsi kimi əmələ gələn antitellər həm struktur uyğunsuzluğu, həm də hüceyrə DNT-nə həssaslıq göstərmədiyindən heç bir halda Sinçitin-1 zülalına bağlana bilməz. Başqa sözlə, Covid 19 əleyhinə istifadə olunan peyvəndlər qadınların reproduktiv funksiyasına təsir göstərir fikri, mütləq mənada əsassısdır.
b) Kişi sonsuzluğuna münasibət:
Bunu Covid 19-dan ölmüş şəxslərin toxumluğunda virusların aşkar olunması, eləcə də toxum mayesinin həssas genom quruluşu səbəbindən, mRNT tərkibli peyvəndlərin onlara aktiv nüfuz edəcəyi, xüsusən X və Y xromosom subvahidlərə çarpaz bağlanacağı və fertil funksiyanı “supressiv” hala gətirəcəyilə əsaslandırırlar. Əvvəla mRNT molekulunun S-altvahid adlanan bağlanma sahəsi, xromosomlarda deyil, hüceyrə DNT-nin səthi aktiv nöqtəsinə lokalizasiya olunubdur. Digər tərəfdən, Leydiq divararalığı hüceyrələrində- qrandulositlərdə əmələ gələn spermatozoidlərin hamısı deyil, yalnız məhdud faiz nisbətində olan və “üzgüçülər” adlandırılanları, qadınlarda yumurta hüceyrəni mayalandırmaq qabiliyyətinə malikdir. Yəni, nəsil artırmada yalnız bu spermatozoidlər iştirak edir. Yüksək hərəkətlilik qabiliyyətinə malik olan “üzgüçülər” səthi aktiv bağlanma- reseptor mexanizmlərə malik deyildir və istənilən aqressiv vasitənin təsirinə inertdir. Odur ki, antitel məlum subvahidlərə nüfuz edə bilsə belə, heç bir halda “üzgüçülər”ə bağlanaraq kişilərdə fertil funksiyanı süstləşdirə və sonsuzluğa səbəb ola bilməz.
Yekun olaraq, bildirmək istəyirəm ki, Covid 19 əleyhinə vaksinlərin qadın və ya kişi sonsuzluğuna səbəb ola bilməsi haqqında bütün söylənilənlər cəfəngiyyatdan başqa bir şey deyildir.
Tibb elmləri doktoru, professor Musa Qəniyev