Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada “zərərsizləşdirib...”

17 May 2024 14:55    7086 Baxış   
Brejnevə qarşı üsyana qalxan birinci katib –  DTK onu mehmanxanada “zərərsizləşdirib...”

1964-cü ildə Nikita Xruşşov hakimiyyətdən devrildikdən sonra ölkənin birinci kürsüsünə sahib olan Leonid Brejnev Kremldəki mövqelərini möhkəmlətmək üçün bütün mümkün tədbirləri həyata keçirib. Təbii ki, Brejnev Kreml oyunlarının nə vaxtsa ona qarşı istiqamət alacağını da düşünüb. Bunları nəzərə alan və ehtiyatını əldən verməyən baş katib ilk növbədə kadr islahatlarına başlayıb.

Hədəfə əsasən Xruşşovun komsomoldan partiya orqanlarına yüksək vəzifəyə gətirdiyi komandanın üzvləri düşüb. Hətta həmin dövrdə Siyasi Büroda Brejnevin bu kadr siyasətini “komsomol ovu” da adlandırıblar. Brejnev müxtəlif bəhanələrlə və çox mədəni şəkildə onları mərkəzdən uzaqlaşdırıb.

Brejnev Xruşşovdan fərqli olaraq DTK orqanlarının əməkdaşlarından daha səmərəli istifadə edib. Xruşov öz hakimiyyəti illərində DTK tərəfindən yüksəkçinli dövlət məmurlarının izlənməsinə, danışıqlarının qulaq asmasına məhdudiyyət qoyduğu halda, Brejnev əksinə, DTK-nın bu fəaliyyətini daha da gücləndirib. Baş katib Yuri Andropovu DTK rəhbərliyinə gətirərək bu qurumu köhnə kadrlardan bütövlükdə təmizləməyə nail olub.

Sözsüz ki, sakit şəkildə baş verən bu proseslər böyük narazılıqlar da yaradıb. Hətta bununla bağlı Mərkəzi Komitənin plenumunda Brejnevin fəaliyyətini açıq şəkildə tənqid etməyə hazır olanlar, hakimiyyəti dəyişməyə cəhd edənlər də tapılıb.



Bu cəsarət sahiblərindən biri də 1961-1968-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Pyotr Yelistratov olub.

1971-ci ildə Mordova vilayətinin birinci katibi olan Yelistratov Mərkəzi Komitənin plenumunda iştirak etmək üçün Moskvaya gəlib. Plenumdan bir gün əvvəl paytaxta təşrif buyuran birinci katib köhnə komsomol yoldaşları ilə görüşməyə də vaxt tapıb.

Yelistratov günün ikinci yarısında Aleksandr Şelepinlə görüşüb. Bu həmin Şelepindir ki, Xruşovun devrilməsində əsas fiqurlardan biri olub, sonda isə Brejnevə göstərdiyi bu “xidmət”ə görə elə baş katib tərəfindən siyasi səhnədən uzaqlaşdırılıb. Ümumittifaq komsomolunun birinci katibi, sonra DTK sədri, daha sonra isə Mərkəzi Komitənin katibi olan Şelepin Brejnev tərəfindən “vurulduqdan” sonra Həmkarlar İttifaqına rəhbərlik edib.

Yelistratov Şelepinlə görüşündə planlarını ona açıqlayıb. Plenumda Brejnevin fəaliyyətini sərt tənqid edəcəyini, plenum üzvlərindən onun vəzifədə qalıb-qalmayacağını müzakirəyə çıxarmalarını təklif edəcəyini söyləyib. Şelepin Yelistratova diqqətlə qulaq assa da heç bir mövqe bildirməyib. Hətta keçmiş DTK sədri onların danışıqlarına qulaq asmaları haqqında Yelistratova xəbərdarlıq da edə bilməyib.

Yelistratov Şelepinlə görüşündən sonra mehmanxanaya yollanıb. Axşam saatlarında həmin dövrdə SSRİ DTK-sı sədrinin birinci müavini vəzifəsində işləyən Semyon Sviqun onun yanına qonaq gəlib. Qeyd edək ki, Semyon Sviqun Pyotr Yelistratovla eyni dövrdə Azərbaycanda işləyib. O, Azərbaycan DTK-nın sədri, Yelistratov isə ikinci katib vəzifəsində çalışıb. Köhnə “dostlar” görüşlərinin şərəfinə xudmani bir məclis də düzəldiblər. Gecədən xeyli keçmiş Sviqun evinə qayıdıb, Yelistratova isə mehmanxanada gecələmək nəsib olmayıb. O, “zəhərlənərək” gecə ikən xəstəxanaya aparılıb və səhəri gün keçiriləcək plenumda iştirak etməkdən məhrum olub.



Sonralar Brejnev Suslovun da iştirak etdiyi görüşdə Şelepinə həmin günü xatırladıb və söyləyib ki, nəinki kabinetdə, hətta gəzinti zamanı, evdə, bağda da bütün danışıqlara qulaq asılır.

Bu hadisədən sonra Pyotr Yelistratov Mordovanın birinci katibi vəzifəsindən azad olunub. Onu bir müddət səfir köməkçisi kimi Əfqanıstana “sürgün” ediblər.

Qeyd edək ki, Pyotr Yelistratov 1917-ci ildə Saransk şəhərində anadan olub. Ordu sıralarında qulluq edəndə hərbi hissənin komsomol katibi vəzifəsini daşıyıb. 1941-ci ildə müharibə başlananda könüllü olaraq cəbhəyə yollanıb. Müharibədən sonra komsomol orqanlarında fəaliyyətə başlayıb. Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsi nəzdində olan Ali Partiya Məktəbini bitirib. SSRİ-nin müxtəlif bölgələrində şəhər komsomol və partiya komitələrində birinci və ikinci katib vəzifələrində işləyən Pyotr Yelistratov 1961-ci ilin dekabr ayından 1968-ci ilin may ayına qədər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi vəzifəsinə irəli çəkilib. Azərbaycandan sonra partiya orqanlarındakı fəaliyyətini Mordova vilayətində birinci katib kimi davam etdirib.

Pyotr Yelistratov SSRİ-nin bir çox dövlət təltifləri ilə, o cümlədən “Lenin” ordeni ilə təltif olunub. Ömrünün son illərini doğulduğu Saransk şəhərində yaşayan Pyotr Yelistratov 1987-ci ildə 70 yaşında vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar