“Passaj-1901” sərgi salonunda "Çapar” yayınlarının, Elm və Təhsil Nazirliyinin, DOST Agentliyinin, Yunus Əmrə İnstitutunun Bakı mərkəzinin təşkilatçlığı, facemark.az saytının media dəstəyi ilə "I Turan Kitab Festivalı" başlayıb.
Bakı Yunus Əmrə İnstitutunun direktor Səlçuk Karakılıç Dominant.az-a açıqlamasında bildirib ki, festivalda ölkənin 40-a yaxın nəşriyyatı, 20-yə yaxın kitab mağazası iştirak edir. “Xarici qonaqlarla eksklüziv görüşlər, alimlərlə diskussiyaların olduğu festival tədbirə qatılanların asudə vaxtının səmərəli keçirməsinə kömək edəcək”.
Yanvarın 15-ə kimi davam edəcək "I Turan Kitab Festivalı"nda kitab təqdimatları, imza və qiraət saatları, mühazirələr olacaq, müəlliflərlə görüşlər keçiriləcək.
Son zamanlar azərbaycanlı gənclər arasında Türkiyə tarixinə olan marağı nəzərə alan Bakı Yunus Əmrə İnstitutu türkiyəli yazıçı və tarixçi İlyas Topsakalı oxucularla görüşdürəcək. Festival çərçivəsində həyata keçirilən bu görüş yanvarın 13-də, saat 14:00-da olacaq.
“Türkiyənin tanınmış tarixçilərindən olan İlyas Topsakal universitet tələbələri ilə görüşərək gələcəyin tarixçilərinə tarixi araşdırmaların aparılması istiqamətləri, onları maraqlandıran suallarla bağlı məlumatlar verəcək” – deyə Səlçuk Karakılıç əlavə edib.
Bundan başqa İlyas Topsakalın imzalı kitabları da Yunus Əmrə İnstitutu tərəfindən oxuculara hədiyyə ediləcək.
Qeyd edək ki, “Passaj-1901” sərgi salonunda keçirilən festivala giriş sərbəstdir.