Mərakeşin “Asvat” qəzetinin “magazineaswat.com” elektron nəşrində şərqşünas Həşim Məmmədovun “Azərbaycanın Avropa üçün iqtisadi əhəmiyyəti daha da artır” sərlövhəli məqaləsi dərc olunub.
Dominant.az xəbər verir ki, məqalədə fevralın 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısının keçirildiyi bildirilib.
Qeyd olunub ki, iclasda ötən illə müqayisədə daha çox ölkə və şirkətlərin iştirak etməsi yeni bazarlarda Azərbaycan qazına olan ehtiyacın göstəricisidir.
Məqalədə diqqətə çatdırılıb ki, Ukraynada yaranmış siyasi vəziyyətlə bağlı Azərbaycanın Avropanın təbii qazla təchizində yarana biləcək problemlərin həlli üçün müstəsna əhəmiyyəti arta bilər.
H.Məmmədov bildirib ki, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə öz təbii qazını Avropa bazarlarına çıxarır, indi əsas məsələ həmin qaz nəqlinin şaxələndirilməsidir.
Mərakeş nəşri məlumat verib ki, 2021-ci ildə Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib: Türkiyəyə - 8,5 milyard, İtaliyaya - 7 milyard kubmetr. Yerdə qalan həcm Cənub Qaz Dəhlizinin başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub.
“Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Albaniya da öz qazpaylayıcı şəbəkəsini tamamlayan kimi Azərbaycan qazını əldə edəcək. Qaz amili Qərb üçün Azərbaycanın əhəmiyyətini daha da artırır”, - yazıda bildirilib.