Daşların dili ilə danışmaq, tarixin gedişatını, hadisələri, xarakterləri, görkəmli şəxsiyyətlərin bütöv bir həyat xronikasını daş yaddaşına köçürmək sənətkardan böyük məharət tələb edir. Böyük istedadla yanaşı dərin həyat müşahidəsi, yaradılan əsərin gerçək həyatdakı obyektinə qarşı sonsuz diqqət, həssaslıq, geniş bilik, orijinal bədii zövq və zəngin dünyagörüşə zərurət yaradan bu sahədə Münəvvər Rzayeva (1929-2004) öz sözünü deyə bilib.
Onun adı incəsənət tarixinə Azərbaycan monumental heykəltəraşlığının ilk qadın nümayəndəsi kimi daxil olub. Azərbaycan Respublikasının Əməkdar rəssamı Münəvvər Rzayeva 100-ə yaxın monumental əsərin müəllifi kimi əbədiyaşarlıq qazanan ömürlərin heykəllər səltənətini yaradıb. Bu əsərlər sırasında Heydər Əliyev, Bəhmənyar, Məhsəti Gəncəvi, Mirzə Ələkbər Sabir, Mehdixan Vəkilov, Nigar Rəfibəyli, Sevil Qazıyeva, Əlibala Şirinov və başqalarının abidə-büstləri əvəzsiz sənət inciləri kimi diqqəti çəkir.
O, əsasən, psixoloji portret ustası kimi tanınır. Heykəllərini qranit, mərmər, bürünc və ağac materiallarından hazırlayan heykəltəraşın əsərləri təkcə Azərbaycanın şəhər mədəniyyətini zənginləşdirməklə qalmayıb, vətənin ən uca dağ zirvələrinə də yol alıb. Münəvvər Rzayevanın sonuncu işlərindən olan, yaradıcılığının şah əsərlərindən sayılan Ümummilli lider Heydər Əliyevin tunc barelyefi Qusar rayonunun Qızılqaya dağ massivinin 3763 m. hündürlüyündə yerləşən “Heydər Zirvəsi”nə yerləşdirilib. Uzunluğu 82 sm, eni 59 sm, ağırlığı 42 kq. olan bu barelyef 1998-ci il mayın 10-da Heydər Əliyevin 75 illik yubileyi münasibətilə alpinistlər dəstəsi tərəfindən fəth olunmuş uca dağ zirvəsinə qaldırılaraq yerləşdirilib.
O, yaratdığı obrazların fərdi dünyasını, daxili aləminin zənginliklərini, psixoloji durumunu əks etdirmək üçün heykəlin gözlərini özəl bir incəlik və dolğunluqla işləyirdi. Elə buna görədir ki, Münəvvər Rzayevanın heykəllərinin gözləri sanki həmin şəxsiyyətlərin həyat hekayəsini danışır, bir ömür yolunun tarixçəsindən xəbər verir.
Heykəltəraşın gənc həmkarlarına örnək olacaq sənətkar özəlliyi, peşəkarlıq vərdişləri vardı. Hər hansı bir şairin, yazıçının, filosofun obrazını yaratmazdan öncə onun həyatı, dövrü, yaşadığı mühit haqqında geniş bilgi toplayır, əsərlərini və haqqında yazılanları oxuyur, özünü o dövrün, zamanın içində təsəvvür edir, mövzunu büsbütün mənimsədikdən sonra həmin obrazı sevərək, dərindən duyaraq yaradırdı.
Onun heykəllər və büstlər dünyasının əsrarəngiz gözəlliyi öz bənzərsizliyi ilə yadda qalırdı. Çünki bu əsərlər Münəvvər Rzayevanın zərif, romantik sənət dünyasının gizlinlərini pıçıldayırdı. Təbiətin özü qədər saf, təbii, estetizmi ilə uzaq yüzilliklərdən gələn bütün milli-mənəvi dəyərlərimizi xatırladan bu sənət örnəkləri rəssamın özünəxas dəst-xəttini əks etdirirdi. Əslən şuşalı olan Münəvvər Rzayevanın heykəlləri insan ruhuna vətəninin təbiəti qədər doğmadır, yaxındır.
O, 06 iyun 1929-cu ildə Şuşada, tanınmış xalça ustası Məcid Rzayevin ailəsində dünyaya göz açmışdı. Sənətkar ailəsində böyüyən Münəvvər xanımın incəsənətə sevgisi onu 1950-ci ildə Bakıya, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə (indi Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci) gətirib çıxartmışdı. Burada təhsilini başa vurandan sonra V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstututunun (indi Rusiya Rəssamlıq Akademiyası nəzdindəki V.İ.Surikov adına Moskva Dövlət Akademik İncəsənət İnstitutu) Heykəltəraşlıq fakültəsinə daxil olmuş, bu nüfuzlu ali təhsil ocağını 1956-cı ildə böyük uğurla bitirmişdi. O, burada Nikolay Tomskinin sinfində təhsil almış, sənətin sirlərinə yiyələnmişdi.
Münəvvər Rzayeva 1943-cü ildən müxtəlif sərgilərin iştirakçısı olmuş, sənət əsərləri ilə tamaşaçıları valeh etmişdir. O, 1953-cü ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilmiş, Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü olmuş, Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində bərpaçı rəssam kimi fəaliyyət göstərmiş və bir sıra heykəlləri bərpa etmişdir. Əsərləri Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Ordubadi Muzeyi, Siyəzən Mədəniyyət Evi və Bədii Fondda qiymətli sənət inciləri kimi saxlanılır.
Yaradıcılığında əsasən, sənət adamları, dövlət xadimləri və əmək qəhrəmanlarının heykəlləri, büstləri və barelyefləri üstünlük təşkil edən Münəvvər Rzayeva sənətində Hüseyn Cavid, Sergey Yesenin, Nəriman Nərimanov, Mikayıl Müşfiq və Nazim Hikmətin büstləri xüsusi yer tutur. İstedad, zəngin təxəyyül, yüksək professionallıq və texniki ustalıqla yaradılan həmin qranit, mərmər, bürünc, ağac heykəllər bədii ideyanın orijinallığı ilə yanaşı heykəltəraş qəlbinin döyüntülərini də özündə əks etdirir. Bakıda və Azərbaycanın digər şəhərlərində, bölgələrində ucalan yüzə yaxın heykəlin müəllifi vətənin hər guşəsində əsərləri ilə silinməz izlər qoyub. O, 2004-cü il iyunun 6-da – 75 yaşının tamamında – öz ad günündə bu dünya ilə vidalaşsa da, sənəti yaşayır; onun əsərləri öz münəvvər müəllifinin adını qürurla, sənət əzmi ilə həmişə yaşadacaqdır. Münəvvər xanımın sənətkar xatirəsi onu sevən ürəklərdə, qədirbilən xalqının qəlbindədir.
Könlü əlvan duyğularla çağlayan, gözləri hər yerdə və hər şeydə estetika axtaran sənətkarın yaratdığı gözəlliklərə həkk etdiyi sənətkar ömrünün yaşı yoxdur. Onun heykəllərində təkcə portretini yaratdığı şəxslərin ömrü deyil, Münəvvər Rzayevanın öz sənətkar ömrü də heykəlləşib.
Özkeçmişinin keşməkeşli məqamlarına, taleyin ona bəxş etdiyi çətinliklərə, problem və qayğılara baxmayaraq, cəsur, mübariz, əzmkar ömür yolu yaratdığı xarakterlərin həyatı ilə birləşir. Münəvvər Rzayevanın keçən yüzilliklərdə yaşamış qəhrəmanları öz dövrünün hər cür təqibə məruz qalmış mütəfəkkirləridir. Ədəbiyyat Muzeyində heykəltəraşın böyük Nəsiminin qolubağlı dara çəkildiyi anı təsvir edən bir əsəri nümayiş etdirilir. Onun ətinə işləmiş kəndirlər şair-şəhidi təqib edən toplumun cəhaləti, quruluşun yasaqları kimi ümumiləşərək metafizik bir rəmzə çevrilir...
Ümumiyyətlə, onun yaratdığı heykəltəraşlıq əsərlərinin hər bir detalı obrazın ümumi ideyasının, həyat qayəsinin açılmasında fəal iştirak edir. İstər bu, Gəncədə üç metr yarım hündürlüyündə ucaldılmış şair Nigar Rəfibəylinin heykəlinin əlləri olsun, istərsə də Sergey Yeseninin Mərdəkandakı muzeyində saxlanan, əli ürəyinin üstündə təsvir olunmuş büstü olsun... – əllər kompozisiyanın önəmli emosional qayəsini gücləndirməkdə özünəxas rol oynayır. Əgər Nigar Rəfibəylinin monumentində heykəlin əlləri ətraf mühitlə, tamaşaçı ilə psixoloji təmas yaradırsa, Yesenin büstündə şairin zəngin amma rahatsız iç dünyasından, öz aləmi ilə konfliktlərindən xəbər verir. Şairin romantik obrazını əlinin hərəkəti tamamlayır, bu cəhət heykəlin lirik ovqatını artırır.
Münəvvər Rzayevanın Məhsəti Gəncəvi heykəli də heykətəraşın üslub özünəməxsusluğunu ifadə edir. Milli Ədəbiyyat Muzeyində saxlanan bu heykəl cizgilərinin emosionallığı, obrazın mənəvi dünyasını dolğun şəkildə canlandırması ilə yadda qalır. Sufi təəssübkeşi Məhsətinin gerçək kimliyini, daxili təlatümlərini yüksək sənətkarlıqla tərənnüm edən heykəltəraş XI-XII yüzilliklərdə yaşayıb-yaradan şairin bədii portretini xüsusi məharətlə yaratmışdır. Onun bütün heykəllərində Azərbaycan milli xarakteri özünü aydın surətdə biruzə verir. Məhsəti heykəlində də bu cəhət müşahidə olunur.
Münəvvər Rzayevanın yaradıcılığında Nazim Hikmət heykəlinin ayrı bir yeri vardır. Heykəlin tarixçəsi isə maraqlı həyat hekayəsi ilə bağlıdır. O, V.İ.Surikov adına Moskvada ali heykəltəraşlıq təhsili aldığı vaxt təsadüfən Nazim Hikmətlə qarşılaşır. Həyat yoldaşı Münəvvərdən ayrı düşən şairdə bu gənc qıza (həyat yoldaşının adaşına) qarşı ata məhəbbəti yarandığından o, Münəvvər Rzayevanı övladlığa götürmək istəyir. Bu məqsədlə Bakıda yaşayan anasına məktubla müraciət edir. Anası Münəvvərin ali təhsilini bitirdikdən sonra doğma yurdu Azərbaycana qayıtması şərti ilə bu işə razılıq verir. Şair bu şərti qəbul edir və Münəvvərə ata olmağın sevinci ilə yaşayır. Nazim Hikmətli illər Münəvvər xanımın yadında ən işıqlı dövr kimi qalır. Taleyinə doğan bu günəş, böyük şairin ata qayğısı, əhatə olunduğu sevgi və doğmalıq onu tələbəliyin bir çox ehtiyac və qayğılarından xilas etmişdi...
Nazim Hikmət onun qayğısına qalır, doğma balası tək hər bir problemi ilə maraqlanır, eyni zamanda əsl sənətkar kimi yetişməsinə kömək edirdi. Münəvvər bu böyük şəxsiyyətin portretini böyük məhəbbətlə yaradıb. İşə başlayanda şair ona “gözlərimi çək, Münəvvər, onlar ruhumun aynasıdır” deyibmiş. Münəvvər xanım şairin gözlərini öz gördüyü, sənətkar fəhmi ilə hiss etdiyi, duyduğu kimi yaradıb, Nazim Hikmət də bundan razı qalıb. Münəvvər Rzayevanın evində divardan asılan, şair tərəfindən ona bağışlanan şəklinin arxasında Nazim Hikmətin öz əliylə yazdığı iki misra vardı:
Adaşın mənim üzümdən qara bəxt oldu,
Sənə faydam toxunur inşallah, qızım...
Həqiqətən də Nazim Hikmətin bu azərbaycanlı qızın bir sənətkar və şəxsiyyət kimi formalaşmasında önəmli rolu olmuşdu. Əsil-nəcabəti Qarabağ xanlarına bağlanan bu zərif ruhlu heykəltəraşın sənət taleyində Nazim Hikmətin xeyir-duası öz bəhrəsini vermişdi. Münəvvər xanım Moskvada təhsilini başa vurduqdan sonra Nazim Hikmət ondan Bakıya getməməsini, onun yanında qalmasını xahiş edəndə o “Mən Nazim Hikmətin qızı kimi yox, heykəltəraş kim tanınmaq istəyirəm” demişdi. Belə də oldu. Nazim Hikmətin mənəvi övladı olan Münəvvər Rzayevanı xalqı böyük istedad sahibi olan heykəltəraş kimi tanıdı. O, doğmalıq telləriylə bağlı olduğu insanlara görə yox, məhz sənəti sayəsində şöhrətləndi, Əməkdar rəssam fəxri adını aldı.
Yaratdığı, dərin intellektdən doğulan, zəngin milli-mənəvi dəyərlərin yetişdirdiyi, böyük istedadı, əzmkarlığı ilə fərqlənən qəhrəmanlar kimi Münəvvər Rzayevanın özü də sənəti, şəxsiyyəti ilə tarixləşdi. Bu gün Azərbaycanın ilk monumentalist qadın heykəltəraşının yaratdığı əsərlər ölkəmizin hər bir guşəsində işıqlı sabahlarımızı salamlayır...
Qənirə Paşayeva,
MM-in Mədəniyyət Komitəsinin sədri