Ölkədə daha çox bal istehsalı azad edilmiş ərazilərin hesabına olacaq

14 Fevral 2022 13:49    15664 Baxış   
Ölkədə daha çox bal istehsalı azad edilmiş ərazilərin hesabına olacaq

"2021-ci ildə ölkədə 7 min tona yaxın bal süzülüb, bu il daha çox bal istehsal ediləcəyi gözlənilir."

Bunu Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, ölkədə daha çox bal istehsalı azad edilmiş ərazilərin hesabına olacaq: “Ötən il azad edilmiş ərazilərdəki yaylaqlara ümumilikdə 4 068 arı iləsi köçürülüb. Bu il bu rəqəm daha çox olacaq. Qarabağa arı ailələrini köçürtmək üçün çoxlu sayda müraciətlər var. Bu il Qarabağın hesabına biz 2-3 ton daha çox bal istehsalı gözləyirik. Qarabağın Kəlbəcər, Laçın kimi ərazilərində arıçılıq üçün əlverişli yerlər var. Ümumiyyətlə, Qarabağın bütün bölgələri arıçılıqla məşğul olmaq üçün uyğundur. Hazırda Qarabağdan olmayan arıçılar belə istəyirlər ki, orda arıçılıqla məşğul olsunlar. Görünür ki, bu il ölkədə arıçılıq yaxşı inkişaf edəcək. 2022-ci ildə 25 min arı ailəsinin Qarabağa köçürülməsi gözlənilir”.

Avropa İttifaqı bizdən bal almır

B.Həsrətov bal ixracında yaranan problemlərdən danışıb: “Ölkənin tələbatı 5 min tondur. 2021-ci il mövsümündə 7 min tona yaxın bal süzülüb. Bu il ölkədə işğaldan azad edilmiş ərazilərin hesabına da artım olacaq. Yəni, bununla da biz rahat şəkildə balımızı ixrac edə bilərik. 2021-ci ildə çox cuzi həcmdə bal ixrac edə bilmişik, böyük həcmdə bal ixrac edə bilmədik. Bir neçə dəfə Avropa İttifaqı ölkələrindən bizə sifarişlər daxil olub. Lakin Avropaya məhsulumuzu ixrac edə bilmirik, çünki Azərbaycandan heyvan mənşəli qidalar almırlar. Bu istiqamətdə Qida Təhlükəsizliyi Agentliyinin bir neçə dəfə Avropa İttifaqı ilə müzakirələri olub. Lakin bu məsələ hələ də həllini tapmayıb".

Assosiasiyanın sədri qeyd edib ki, artıq Gürcüstan Avropa İttifaqı ölkələrinə bal ixrac edə bilir: "Bu məsələ ilə bağlı yenə Qida Təhlükəsizliyi Agentliyinə müraciət edəcəyik. Bu məhdudiyyətlər aradan qaldırılsa, biz də Avropa İttifaqı ölkələrinə rahat arıçılıq məhsulu ixrac edə bilərik. Almaniyadan olan müştərilər bir neçə dəfə ölkəyə gəldilər, əlaqələr yaratmağa çalışdılar. Həmçinin, Polşadan bal sifarişimiz olub. Amma həmin məhdudiyyətə görə, biz balı sata bilmədik”.

O əlavə edib ki, Ukraynada, Rusiyada bitkilərə gübrələr verilir: “Azərbaycan balı isə daha dəyərlidir, daha keyfiyyətlidir. Arılar dağlarda yetişən təbii çiçəklərdən nektarin qəbul edirlər. Bizim balın yüksək keyfiyyətə malik olduğunu dünyaya çatdırmaq üçün ixrac istiqamətində bir sıra işlər görülməlidir. İxrac üçün konkret bir yol açılsa, bal ixrac edə bilərik. Bunu tək sahibkar edə bilməz, onlara əsaslı dəstək lazımdır. Bununla çox cidd şəkildə yaxın gələcəkdə məşğul olmaq lazımdır”.

B.Həsrətov Azərbaycan balının ölkənin coğrafi adlarına uyğun brendləşməsi ilə bağlı məsələyə toxunub: “Bu istiqamətdə təbliğata başlamışıq. Arıçılar məhsullarını uyğun bölgələrə görə müəllif hüquqlarından qeydiyyatdan keçirməlidirlər, hər bölgənin balı xüsusi qeydiyyat adı altında satılmalıdır. Bu zaman biz ixracda da daha uğurlu ola bilərik”.

Assosiasiya sədri əlavə edib ki, arıçılıqda hazırda yaz mövsümünə hazırlıq işləri gedir: “Biz hazırda qışın son mərhələlərini yaşayırıq. Yazda arıların inkişaf dövrü başlayacaq. Bal süzümü iyunun 15-nə planlaşdırılır. Lakin bu vaxta qədər arının inkişaf dövrü gedir”.

Xatırladaq ki, Azərbaycanda arı ailələrinin sayı 500 mini keçib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar