Adı “Spirt Miri”, Rəsul Quliyev, Zakir Qaralovla hallanan Şəmsi Səmədzadə müəmması

06 İyun 2022 11:58    16139 Baxış   
Adı “Spirt Miri”, Rəsul Quliyev, Zakir Qaralovla hallanan  Şəmsi Səmədzadə müəmması

ŞƏMSİ SƏMƏDZADƏ KİMİN ÖLÜMÜNƏ GÖRƏ ÖMÜRLÜK HƏBS ALIB?..

Bir neçə gün əvvəl Prezidentin imzaladığı əfv Sərəncamı ilə ömürlük həbsdən azad edilən Şəmsi Səmədzadə ilə bağlı mövzu medianın diqqətindən düşmür. Nəzərinizə çatdırım ki, Şəmsi Səmədzadə 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək, ömürlük cəzaya məhkum edilib.

Qeyri - rəsmi məlumatlarda deyilir ki, Şəmsi Səmədzadə sabiq Baş prokuror Zakir Qaralova sillə vurduğu üçün bu ağır cəzaya məhkum edilib. Hətta o, həbsdən azad edilən gün jurnalistlərlə keçirdiyi brifinqdə belə həbsinin səbəbi kimi məhz bu versiyanın üzərində dayandı.

Şəmsi Səmədzadənin həbsdən çıxandan sonra verdiyi ilk açıqlama ilə bağlı geniş yazı yazdığım səbəbindən mənə bu mövzuda çoxlu suallar ünvanlanıb. Bu sualların əsas məğzi budur: bəs, Şəmsi Səmədzadəyə elan olunan rəsmi ittiham nədən ibarət olub?

Maraqlıdır ki, bu sualı mənə hətta ölkənin ən tanınmış bir neçə saytının rəhbəri də verib. Başa düşdüm ki, həbsin üstündən 22 il zaman keçdiyi üçün, Şəmsi Səmədzadənin həbsi ilə bağlı internetdə heç bir məlumat yoxdur.

Məhz bu amil də jurnalistlərin işini çətinə salır. Mövzu çəlbedici, məlumat isə yox! Şəmsinin ömürlük cəzaya məhkum edilməsilə ilə bağlı yaranan müəmma başadüşüləndir. Ağıllı adam həmin dəqiqə bilir ki, Baş prokurora hətta bir sillə vurulsa belə, bunun cəzası ömürlük həbs ola bilməz.

Maraqlıdır ki, həmin vaxt Şəmsi Səmədzadənin vəkili olmuş çox tanınmış bir şəxs də bu barədə heç bir açıqlama vermir. Hətta mənim həmin vəkilə ünvanladığım yazılı sorğu da cavabsız qaldı. Ancaq özəl kanallarla əldə etdiyim maraqlı məlumatlar oldu. Onları sizinlə bölüşmək istərdim.

Şəmsi Səmədzadə 1964- cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndində anadan olub. Həmin kənd Azərbaycanın Kəlbəcər rayonu ilə həmsərhəddir. Şəmsi Səmədzadə müsahibələrində deyir ki, Səmənd ağanın soyundandır. Səmənd ağa həmin mahalın çox nüfuzlu şəxslərindən olub. Şəmsi Sımədzadə həmin kişinin oğul yox, qız nəvəsidir.

1988-ci ildə Qərbi Azərbaycandan deportasiya ediləndən sonra , Şəmsi Səmədoğlu əvvəlki Xanlar, indiki Göygöl rayonunun Quşqara kəndində məskunlaşıblar. Sonra Şəmsi həmin kəndin adını atasının şərəfinə Səmədabad edib. Hazırd isə kəndin adı Səmədabad deyil.

Qaçqınlıqdan sonra Şəmsi Səmədoğlu elə də imkanlı adam olmayıb. Əslən Naxçıvandan olan “Spirt Miri” kimi tanınan spirt zavodunun müdirinin sürücüsü işləyib. Ötən əsrin 90-cı illərin əvvəlində hökm sürən hərçmərclik Mirinin həyatının sonu ilə nəticələnir. Həmin vaxt Miridən aylıq haqq istəyən kriminal avtoritetlər “yox!” cavabını alırlar.

Məhz bunun nəticəsində də Miri müəmmalı şəkildə öldürülür. Bəzi versiyalarda Mirinin ölümündə Şəmsinin əlinin olduğuna dair fikirlər səslənir .
Ancaq məlumatlı şəxslər bunun inandırıcı saymırlar. Çünki Mirinin ölümündən sonra Şəmsi onun ailəsinə və övladlarına xüsusi qayğı ilə yanaşıb. Təbiətən zirəng olan Şəmsi Mirinin ölümündən sonra spirt zavoda nəzarəti tam ələ keçirir.

Zavodu yaxın qohumlarından birinin adına sənədləşdirir, ancaq faktiki olaraq sahibi özü olur. Əlinə külli miqdarda pul gələndən sonra, Şəmsi nüfuz qazanmağa başlayır. Həmin zonada ən çox qohum-əqrabaya malik adam olmaqla yanaşı, həm də pullu olmaq onun personasını daha da cazibədar edir. Tanıyanlar Şəmsini əliaçıq və pul xərcləyən adam kimi xarakterizə edirlər.

Şəmsinin ömürlüyə göndərildiyi rəsmi ittiham Zakir Qaralova sillə vurmaqla bağlı deyil, 120-ci (qəsdən adam öldürmə) maddəsinin ən ağır bəndləri ilə əlaqəlidir. 1993-cü cı ildə Şəmsinin Ramiz adlı xalası oğlu, Çingiz adlı başqa bir qohumu və adını bilmədiyim üçüncü bir şəxs Vüqar adlı polis zabitinin ölümündə təqsirli bilinərək həbs edilirlər.

Həmin cinayət işində Şəmsinin də adı hallansa da, o, məsuliyyətdən kənar qala bilib. Qohumları isə cinayət sübut olunmadığına görə qısa müddət sonra azadlığa çıxırlar.

Nəhayət, 2000-ci ildə Şəmsi iqtisadi, mahiyyətli hüquqpozmalarda təqsirli bilinərək həbs edilir. Həmin həbs müddətində Vüqar adlı polis zabitinin ölümü ilə bağlı cinayət işi yenidən qaldırılır və Şəmsi Səmədzadəyə həmin qətlin təşkilatısı kimi ittiham elan olunur. Nəticədə o, ömürlük cəzaya məhkum edilir.

Qeyd edək ki, Şəmsi Səmədzadə siyasətə də meyilli adam olub. O, AMİP-in rəsmi üzvü olmasa da, qonşu kəndlisi olan Etibar Məmmədovun hakimiyyətə qarşı ən ən radikal mövqe sərgiləyən vaxtlarında ona ciddi maliyə dəstəyi verib.

Şəmsi Səmədzadənin hazırda maddi vəziyyəti elə də ürəkaçan deyil. Əlində olan nə vardısa, hamısı alınıb, satılıb , xərclənib. Ancaq ehtimal olunur ki, Qərbi Azərbaycanlıların kompakt yaşadığı Gəncəbasar zonasında onun yenidən parlamsı üçün şərait yaradılacaq. Niyəsi barədə növbəti yazıda…

P.S. Şəmsi Səmədzadənin və bütün dustaqların azad edilməsini ikiəlli alqışlayıram. Mənim bu yöndə yazılarım qətiyyən Şəmsinin azad edilməsinə etiraz mahiyyətini daşımır. Sadəcə, çox maraqlı persona və proses olduğuna görə, bu mövzuya bir jurnalist kimi marağım yaranıb. Allah onun və heç kimin yolunu bir də oralara salmasın…

Məhəmmədəli Qəribli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar